"Bəzi şəxslər özlərinə psixoloji sərhədlər qoymağı və qarşı tərəfə “yox” deməyi bacarmırlar".
Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən danışıb:
"Gündəlik həyatda bir çox insan başqasına “yox” deməkdə çətinlik çəkir. Onlar, daxillərində “istəmirəm”, “bacarmıram”, “hazır deyiləm” kimi düşünürlər. Ancaq bunu dilə gətirməyə utanırlar. Çünki qarşılarındakı insanı incitməkdən, pis görünməkdən və ya rədd edilməkdən qorxurlar".
Ekspert qeyd edib ki, əslində bu qorxular hər bir insanda ola bilər:
"Əsasən də uşaq vaxtı hər şeyə “hə” deməyə alışdırılmış insanlarda bu daha çox olur. “Yaxşı uşaq” olmaq, başqalarını razı salmaq və “yox” deyəndə günahkar hiss etmək kimi duyğular insanın öz sərhədlərini unutmasına səbəb olur. Amma unutmayaq ki, “yox” demək pis olmaq deyil. Bu, bir növ özünü qorumaqdır".
Psixoloqun sözlərinə görə, əgər insan öz ehtiyaclarını və istəklərini nəzərə almazsa, daxildə yavaş-yavaş yığılmış narazılıq, yorğunluq və əsəb ortaya çıxır:
"Bu zaman insan özünü sıxılmış, dəyərsiz və hətta tükənmiş hiss edə bilər. Belə olan halda müxtəlif metodlardan istifadə etmək olar. Birincisi, öz sərhədlərimizi tanımaqdır. Nə zaman narahat olduğumuzu və hansı hallarda “istəmirəm” deyəcəyimizi bilməliyik. Bu isə insanın sərhədlərini göstərir.
Həmçinin, “yox” deməyi yavaş-yavaş öyrənmək lazımdır. Məsələn, dostumuz bir şey xahiş edəndə, yorğunuqsa “Bu dəfə edə bilməyəcəm, anlayışla qarşıla” kimi cavablar verməklə başlaya bilərik".
Mütəxəssis diqqətə çatdırıb ki, bəzən birbaşa “yox” demək çətin ola bilər:
"Onda düşünmək üçün vaxt istəmək yaxşı seçim ola bilər. Ümumiyyətlə, “yox” dediyimiz üçün özümüzü günahkar saymamalıyıq. Çünki hər şeyə “hə” demək məcburiyyətində deyilik.
Bunun üçün özgüvənimizi də artırmalıyıq. Məsələn, hər gün etdiyimiz bir yaxşılığı, verdiyimiz düzgün qərarı xatırlaya bilərik. Buna görə özümüzü tərifləmək də olar. Nəzərə alaq ki, özümüzü tanıdıqca “yox” demək də daha asan olacaq".
Aydan Məmmədova sözlərini belə yekunlaşdırıb:
"Hesab edirəm ki, sərhəd qoymaq bacarığı sağlam münasibətlərin əsas şərtidir. “Yox” dediyin zaman təkcə özünü qorumuş olmursan, həm də qarşı tərəfə səninlə necə davranmalı olduğunu öyrədirsən. Unutmayın ki, siz hər kəsi razı salmaq üçün yox, özünüzü yaşamaq üçün həyatdasınız. Məncə, bəzən “yox” demək, özümüzə verdiyimiz ən gözəl “bəli”dir".
Pərviz