"Cütlük münasibətlərində hər şey əvvəlcə gözəl başlayır".
Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib.
Lakin o bildirib ki, cütlüklər arasında daha sonra problemlər yaranır:
"Münasibətlərdə əsas məsələ maraq, diqqət və sevgidir. Amma zaman keçdikcə "mən" və "sən" toqquşur. Burada əsas sual yaranır: bu münasibətdə həqiqətən "biz" varmı? Münasibətlər çox vaxt düzgün dinləməməkdən, səsləndirilməyən gözləntilərdən və keçmiş yaraların bu günə daşınmasından zədələnir".
Ekspert qeyd edib ki, qarşımızdakı insan bizim kimi sevməyə və ya fərqli düşünə bilər:
"Həmçinin, sevgi dilinin də fərqli olması mümkündür. Amma bu fərqliliklər konfiliktə yox, birlikdə öyrənməyə çevrilə bilər. "Biz" olmaq hər şeydə eyni olmaq yox, fərqli ola-ola bir yerdə qala bilməkdir.
Sağlam münasibətdə insanlar haqlı olmaq üçün yox, həll üçün danışırlar. Sözlərini seçir, qarşısındakını dəyişdirməyə yox, anlamağa çalışır. Münasibət həm də gündəlik qayğılar arasında bir az nəfəs almaqdır. Sadə bir "Bu gün sənin üçün nə yorucu idi?" sualı belə insanları yaxınlaşdırır".
Psixoloq diqqətə çatdırıb ki, hər şeyin içində bir az keçmiş var:
"Kiminsə uşaqlığı, keçmişdə yaşadığı travmaları və inamsızlıqları olur. Bəzən onun bizimlə deyil, onun içindəki keçmişlə mübarizə apardığını başa düşmürük. Elə o anda, əgər hər iki tərəf istəsə, bu münasibət üçün həm fərdi olaraq, həm də birlikdə addım ata bilər".
Ülviyyə İlqarın sözlərinə görə, münasibətlərdə əsas məsələ "biz" olmaqdır:
"Məqsəd qarşındakı insanı dəyişdirmək deyil, onu olduğu kimi görmək, dinləmək, seçmək və eyni masa arxasında yenidən oturmaqdır.
Hər gün yenidən o insanı seçmək, incikliklərin içindən belə "mən burdayam" deməkdir. Çünki münasibət iki nəfərin bir-birinə deyil, eyni istiqamətə baxa bilməsidir. Məhz bu olduqda, "biz" başlayır".
Pərviz