"Əfsuslar olsun ki, bəzi insanlar özlərini dəyərsiz hiss edirlər".
Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib.
Lakin o bildirib ki, insanlar dəyəri ölçülməyəcək dərəcədə dəyərli olduqlarını bilsələr, böyük ehtimalla həyatları çox gözəl olacaq:
"Dəyərsiz hiss etmələrinə səbəb ətrafdan, ailədən və sevdiklərindən təsdiq ala bilməməkdir. Daha dəqiq desək, sevgisizlikdir. İnsanlar arasında olan bu anlaşılmayan duyğusuzluq və ya həddindən artıq duyğusallıq qarşı tərəfin öz dəyərini sorğulamasına səbəb olur".
Ekspert qeyd edib ki, dəyərin aşağı olması doğru münasibət daxilində olmamamaqdan irəli gəlir:
"Həmçinin, şəxsin özünəxas qərarının, seçiminin və fikrinin olmamasından da qaynaqlanır. Əvvəla, özümüzü dərk və qəbul etməliyik. Əslində, insanın varlığı və sahib olduqları belə onun dəyərli olması üçün kifayətdir. Ancaq təəssüflər olsun ki, insanlar öz eqolarını qidalandırmaq üçün bir başqasının dəyərini aşağı salırlar. Hərçənd ki, ətraf bizi var etmir, biz özümüzü yaşadırıq".
Psixoloqun sözlərinə görə, insanlar özlərini dəyərsiz hiss etməsinə digər səbəb keçmişdə yaşadıqlarıdır:
"Məsələn, uşaqlıqda kifayət qədər sevgi və qəbul görməmək, tez-tez tənqid olunmaq və ya müqayisə edilmək kimi hallar dəyərsizlik hissini yaradır. Həmçinin, özünü başqaları ilə müqayisə etmək, uğursuzluqlar yaşamaq və ya baş verən travmatik hadisələr də insana təsir edir.
Bundan başqa, insan şüuraltında "Mən yaxşı deyiləm, buna layiq deyiləm və bacarmayacağam" kimi düşüncələr də dəyərsizlik hissini yaradır. Əsas məsələ bu hissi tanımaq və dəyişmək üçün addım atmaqdır. Dəstək almaq, özünü daha yaxşı anlamağa çalışmaq və iç səsini dəyişmək bu hissdən azad olmağa kömək edəcək".
Pərviz