Azərbaycanda isti havalar nə qədər davam edəcək? - AÇIQLAMA

SOSİAL
09:48 / 21.07.2025
58

"İyun ayı soyuq keçəndən sonra havanın temperaturu anidən istiləşdi". 

Bu sözləri "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Bakı şəhərinin həddindən artıq dərəcədə betonlaşması da buna təsir edir:

"Bu və radiasiyanın artması kimi amillər də havanın temperaturunun yüksəlməsinə təsir göstərir. Nəzərə almaq lazımdır ki, Günəşdən gələn istilik geri dönmür. 

Normalda Günəşdən gələn şüalar torpağın altına getməməli, geri qayıtmalıdır. Lakin əfsuslar olsun ki, istər Azərbaycanda, istərsə də dünyanın hər yerində betonlaşma belə problemlərə yol açır. Yəni bu problemi yaşayan yeganə ölkə biz deyilik". 

378372

Lakin ekspert havaların anomal keçməsi fikri ilə razılaşmayıb:

"Ölkəmiz subtropik zonada yerləşir. Bu ölkə üçün iyul ayında havaların belə isti olması anomal sayılmamalıdır. Əslində, biz hər yayda belə yüksək temperaturla qarşılaşırıq. Mən xatırlayıram ki, 1980 və 1990-cu illərdə belə bəzi günlər havanın hərarəti 40 dərəcəni keçirdi. Yəni əvvəllər də bu səviyyəyə qədər isti olurdu". 

Mütəxəssis vurğulayıb ki, Azərbaycanda havanın temperaturunun 40 dərəcə isti olması ilk hal deyil: 

"Dediyim kimi, bizdə mütəmadi şəkildə belə istilər olur. Xüsusən Abşeron yarımadası yarımsəhra zonası olduğu üçün belə yüksək hərarət normaldır. Həmçinin, Mərkəzi Aran və Naxçıvan bölgəsində də hava çox isti olur. Bu aylarda adıçəkilən zonalarda havanın isti keçməsində təəccüblü heç nə yoxdur".

Qorxmaz İbrahimlinin sözlərinə görə, isti havalar uzun müddət davam etməyəcək:

"Müəyyən müddət sonra havanın temperaturu aşağı düşəcək və mülayim sərinləmə olacaq. Ümumilikdə iyul ayının isti keçəcəyi proqnozlaşdırılır. Hətta mənim hesablamalarıma görə, sentyabr ayı da havanın temperaturu yüksək olacaq. 

Hesab edirəm ki, isti havalardan qorxmaq lazım deyil. Sadəcə günəşin altında çox qalmaq olmaz. Eynəklərdən və günəşdən qoruyucu vasitələrdən istifadə olunmalıdır. Xüsusən günəş kremindən istifadə etmək tövsiyə olunur".

Pərviz

0