"Yeni münasibətə başlamaq bir növ iki fərqli dünyanın bir-birinə yaxınlaşması deməkdir".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu prosesdə yalnız duyğular deyil, psixoloji hazırlıq və sağlam yanaşmalar da önəmlidir:
"Əvvəlcə insan özünü tanımalıdır. "Mən kiməm?", "Münasibətdən nə gözləyirəm?" və "Qarşı tərəfdən nə istəyirəm, nə verə bilərəm?" kimi suallara cavab verməlidir. Öz daxili ehtiyaclarını, sərhədlərini və dəyərlərini bilməyən insan sağlam münasibət qurmaqda çətinlik çəkə bilər.
Yeni münasibətə başlayarkən ən vacib psixoloji məqamlardan biri idealizasiya etməməkdir. Yəni qarşı tərəfi "mükəmməl" kimi görmək onun gerçək kimliyini görməyə mane ola bilər. Qarşı tərəfi olduğu kimi tanımaq və qəbul etmək vacibdir. Onu dəyişdirməyə çalışmaq yanlış yanaşmadır".
Ekspertin sözlərinə görə, yeni münasibətə başlamazdan əvvəl keçmişdən azad olmaq lazımdır:
"Əgər bir insan hələ də keçmiş münasibətin ağrılarını, inamsızlıqlarını içində daşıyırsa, yeni münasibətdə bu yaralar təkrarlanacaq. Ona görə də keçmiş bağlardan azad olub, yeni münasibətə sağlam zəminlə girmək mühümdür.
Eyni zamanda, ünsiyyət bacarığı da vacibdir. Özünü ifadə edə bilmək, qarşı tərəfi dinləmək, sərhədləri qorumaq və duyğuları açıq şəkildə bölüşmək münasibətin davamlılığında əsas rol oynayır. Ən önəmlisi isə budur: münasibət bir "tamamlanma" yeri deyil, iki insanın bir yerdə yol getməsidir. Özünü sevmədən, dəyərləndirmədən başqasını sevmək mümkün deyil".
Psixoloq diqqətə çatdırıb ki, münasibətin sağlam şəkildə davam etməsi üçün qarşılıqlı hörmət və dəyərlərə uyğunluq əsas rol oynayır:
"İnsanlar bir-birini təkcə sevdikləri üçün deyil, həm də bir-birini başa düşə bildikləri və birlikdə inkişaf edə bildikləri üçün seçməlidirlər. Münasibətə başlamazdan öncə "uyğunluq" yox, "uyğunlaşa bilmək" bacarığına da diqqət edilməlidir. Yəni iki insan eyni deyilsə də, bir-birinə uyğunlaşa biləcəklərmi? Eyni dəyərləri bölüşürlərmi? Qarşılıqlı gözləntilər nə qədər real və uzlaşandır?
Bundan başqa, münasibətdə fərdi sərhədlər itirilməməlidir. Öz həyatına, maraqlarına, dost çevrəsinə və inkişafına da yer qalmalıdır. Münasibət içində var olmaq, özündən keçmək demək deyil".
Mütəxəssis yeni münasibətə başlayacaq şəxslərə tövsiyə də verib:
"Yeni münasibətə sağlam başlamaq üçün özünü tanı, keçmişini bağla, qarşı tərəfi idealizə etmə, sərhədlərini bil və öz dəyərini unutma. Münasibət ikilikdə azadlıqdır,məhdudiyyət deyil.
Həmçinin, sevilmək üçün özünü dəyişdirmə və həddindən artıq uyğunlaşmağa çalışma. Bu, sonradan peşmançılığa gətirə bilər. Bundan başqa, həddindən artıq emosional bağlılıq bəzən sevgidən çox, qorxuya və itirmək narahatlığına əsaslanır. Gerçək münasibət azadlıq içində yaşanmalıdır.
Onu da unutmayın ki, münasibət sadəcə bir tərəfin fədakarlığı ilə qurulmaz. Sevgi qədər əmək, anlayış, dinləmə və hörmət də vacibdir. Sağlam münasibət iki sağalmış insanın bir-birinə yaxınlığından doğur. Yarımçıq olanlar bir-birini tamamlamaz daha da yaralayar".
Pərviz