Məlum olduğu kimi, tələbə təqaüdlərinin məbləği artırılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, doktorantura səviyyəsində təhsil alanlar üçün elmlər doktoru hazırlığı üzrə təqaüdün məbləği 450 manat , fəlsəfə doktoru hazırlığı üzrə isə 300 manat müəyyən edilib.
Magistr, bakalavr, peşə təhsili üzrə də tələbə təqaüdü artırılıb.
Təhsil eksperti Kamran Əsədov Hit.az-a deyib ki, 2025-ci il iyulun 24-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla tələbə təqaüdlərinin artırılması qərarı dövlətin gənclərə diqqət və qayğısının mühüm təzahürüdür. Bu artım yalnız maliyyə dəstəyi deyil, eyni zamanda tələbələrin sosial rifahını yaxşılaşdırmaq, təhsilə münasibətini müsbət istiqamətdə dəyişmək və onların ali təhsil dövrünü daha rahat keçirməsinə töhfə vermək məqsədi daşıyır:
"Lakin bu təşəbbüsün effektli və davamlı nəticə verməsi üçün təkcə Prezidentin fərdi təşəbbüsü kifayət deyil. Elm və Təhsil Nazirliyi paralel şəkildə siyasət formalaşdırmalı, sistemli proqramlar hazırlamalı və tələbə həyatının real ehtiyaclarına uyğun strateji planlamalar aparmalıdır.
Prezident təqaüdünün artırılması barədə sərəncama əsasən, əvvəlki 275 manatlıq təqaüd məbləği 350 manata çatdırılıb. Bu artım təxminən 27 faiz təşkil edir. Dövlət Statistika Komitəsinin 2025-ci ilin birinci yarısına dair açıqladığı məlumata əsasən, Bakıda aylıq yaşayış minimumu 340 manat civarındadır. Bu isə göstərir ki, yeni təqaüd məbləği ancaq minimum ehtiyaclara cavab verməyə yaxınlaşır. Tələbə bu vəsaitlə tam dolanışıq apara bilməsə də, heç olmasa qida, nəqliyyat və təhsil materialları kimi əsas ehtiyaclarını müəyyən qədər qarşılayacaq. Təqaüd alan tələbələrin ümumi sayı 2024-cü ilin rəsmi statistikalarına görə 100 min nəfərdən artıqdır. Bu isə təqribən dövlət büdcəsinə ildə əlavə 90-100 milyon manatlıq yük deməkdir. Lakin bu yük iqtisadi mənada xərcləmə deyil, gələcək insan kapitalına yönəlik strateji sərmayə kimi dəyərləndirilməlidir.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13.1-ci maddəsində göstərilir ki, dövlət təhsilin inkişafını prioritet istiqamət kimi qəbul edir və bu sahədə sosial müdafiə tədbirləri həyata keçirməlidir. Lakin bu gün tələbələrin sosial müdafiəsi yalnız təqaüdlə məhdudlaşır. Elm və Təhsil Nazirliyinin nə təqaüd alan tələbələrin həyat şəraiti ilə bağlı dərin sosioloji araşdırmaları, nə də bu təqaüdlərin təhsil motivasiyasına təsiri barədə ictimaiyyətə açıqlanmış analitik hesabatları mövcuddur. Təqaüdlərin verilmə meyarlarının monitorinqi, ehtiyaca əsaslanan maliyyə dəstəyi və regionlar üzrə fərqli yanaşmalar tətbiq edilmir. Bu isə göstərir ki, təqaüd artımı sadəcə mərkəzi qərarlarla edilir, lakin nazirlik tərəfindən bu qərarların funksional və sosial effektivliyi üzrə sistemli işlər aparılmır.
Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, inkişaf etmiş ölkələrdə tələbə təqaüdləri yalnız akademik göstəricilərə görə deyil, sosial vəziyyət, təhsil uğuru və fərdi inkişaf potensialı əsasında formalaşır. Məsələn, Almaniyada təqaüdlər yalnız birbaşa dövlət dəstəyi ilə deyil, eyni zamanda ictimai fondlar, universitetlərin daxili resursları və özəl sektorla əməkdaşlıq çərçivəsində verilir. Skandinaviya ölkələrində isə tələbələrə verilən təqaüdlər və güzəştli kreditlər təhsil haqlarını və yaşayış xərclərini tam əhatə edir. Azərbaycanda isə nə tələbə kreditləri sistemi işləkdir, nə də təqaüdlərin diferensiallaşdırılmış modeli mövcuddur. Bu baxımdan ölkəmizdə verilən təqaüd daha çox simvolik dəstək funksiyası daşıyır və təhsil bərabərliyini təmin etmək üçün kifayət etmir.
Təqaüdlərin artırılması dövriyyəyə daxil olan vəsaitin artması deməkdir ki, bu da iqtisadi aktivliyi müəyyən qədər stimullaşdıra bilər. Tələbələr bu vəsaiti əsasən ərzaq, ictimai nəqliyyat, geyim və kommunikasiya xidmətlərinə xərcləyir. Nəticədə mikroiqtisadi səviyyədə tələbin artması müşahidə olunur. Lakin bu artım geniş inflyasiya riski yaratmır, çünki bu miqyaslı vəsaitin makroiqtisadi təsiri məhduddur. Əsas problem isə ondan ibarətdir ki, bu artımın davamlılığı təmin olunmasa, gələcəkdə təqaüdlərin yenidən real dəyərini itirməsi riski var. İndiki inflyasiya səviyyəsi ilə 350 manat məbləği bir neçə ilə yenidən 275 manatlıq alıcılıq gücünə enə bilər.
Hazırkı artım müsbət və zamanında verilmiş qərardır. Lakin bu qərarın sistemli təsirə malik olması üçün Elm və Təhsil Nazirliyi dərhal təqaüdlərlə bağlı yeni siyasət sənədi hazırlamalı, mütərəqqi beynəlxalq modelləri öyrənməli, ehtiyac əsaslı və nəticəyönümlü mexanizmlər işləməlidir. Təqaüd alan tələbələrin ehtiyac səviyyəsi, sosial vəziyyəti və akademik göstəriciləri əsasında təqaüdlərin diferensiallaşdırılması təmin edilməli, regional fərqliliklər nəzərə alınmalıdır. Nazirlik nəinki bu sahədə maarifləndirmə işləri aparmır, heç ictimai rəy öyrənilmir, tələbə təşkilatları ilə məsləhətləşmələr keçirilmir. Bu isə təhsil idarəçiliyinin hələ də reaktiv və formal yanaşma ilə idarə olunduğunu göstərir.
Görülən artım əhəmiyyətlidir, lakin bu sadəcə bir mərhələdir. Təhsilə ayrılan resursların keyfiyyətli idarə olunması, tələbələrin iştirakçılığı ilə təqaüd sisteminin yenidən dizaynı, vətəndaş cəmiyyətinin bu prosesə cəlb olunması və bu sahədə şəffaflıq təmin edilmədən uzunmüddətli nəticələrə nail olmaq mümkün olmayacaq. Əks halda, hər beş ildən bir yalnız Prezidentin təşəbbüsü ilə cüzi artımlar həyata keçiriləcək, lakin təqaüd alan tələbənin real sosial-iqtisadi vəziyyəti dəyişməyəcək. Təhsildə sosial ədalət yalnız təqaüd artımı ilə deyil, bu artımın əhatəliliyi, davamlılığı və məqsədyönlülüyü ilə təmin olunur. Bu isə Prezidentin fərdi iradəsindən daha çox Elm və Təhsil Nazirliyinin strateji idarəçiliyindən asılıdır. Təəssüf ki, hazırda nazirlik bu məsuliyyətin altına girmir".
Sevinc