Bu il keçirilən magistratura imtahanı ilə bağlı etirazlar səngimir.
Sualların həddindən artıq çətin olduğu deyilir. Üstəlik, bu qədər boş yerin qalması da tənqid olunur.
Ümumiyyətlə, son magistratura imtahanı barədə nə üçün bu qədər qalmaqal yaşandı? Suallar həqiqətənmi həddindən artıq çətin idi? Nə üçün belə çox boş yer qaldı?
Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlama verib. O bildirib ki, sözügedən imtahanda sualların strukturu və mövzularında əvvəlki illərlə müqayisədə bəzi dəyişikliklər var idi:
"Məsələn, bu il magistratura imtahanında məntiq suallarında analitik düşünmə və problem həll etmə bacarıqlarına daha çox yer verilib. İnformatikada isə proqramlaşdırma daha geniş mövzuları əhatə edib. Bu dəyişikliklərə abituriyentlərin tam hazır olmaması, mürəkkəb sualların həlli üçün vaxtın azlığı imtahan nəticələrinə təsir edib".
Ekspert qeyd edib ki, bu səbəblərə görə plan yerlərinin əhəmiyyətli hissəsi boş qalıb:
"Bu, həm ali məktəb təhsilinin keyfiyyətini sual altında qoyub, həm də elə ali məktəblərin magistr təhsilinə mənfi təsir edib.
Ümumiyyətlə, hansısa bir imtahanda iştirakçı sayı yetərincə varsa və qəbul planı 70 faizdən çox dolmursa, burada ilk növbədə problemi imtahanın məzmununda axtarmaq lazımdır. Builki magistr imtahanında da standartlar real təhsil səviyyəmizə uyğun deyil".
Pərviz