"Hər psixoloqun özünün də psixoloqu olmalıdır" - MARAQLI AÇIQLAMA

SOSİAL
13:10 / 30.07.2025
68

"Psixoloqların da zaman-zaman emosional olaraq təsirlənmələri tamamilə təbiidir". 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O, fəaliyyətində qarşılaşdığı çətinliklər barədə danışıb:

"Xüsusilə ağır həyat hekayələri, itkilər, travmalar və dərin emosional acılarla işləyərkən, bəzən danışılanlar psixoloqun öz şəxsi təcrübələrinə toxuna və bu da iç dünyada rezonans yarada bilər.

Lakin psixoloqu peşəkar edən əsas amillərdən biri bu təsirləri fərqləndirə bilməsi və emosional yüklənmənin öz pasientlərinə ötürülməsinə imkan verməməsidir. Bunun üçün davamlı superviziyalara qatılmaq, öz psixoloji sağlamlığını da qorumaq, emosional sərhədləri müəyyənləşdirmək, özünü müşahidə bacarığı və reflektiv düşüncə önəmlidir". 

379004

Ekspert psixoloq olaraq duyğularını inkar etmədiyini deyib:

"Əksinə, onları tanımağı və tənzimləməyi öyrənirik. Duyğularla sağlam məsafədə qalmaq və öz ehtiyaclarımızı da görmək həm professional yanma sindromunun qarşısını alır, həm də keyfiyyətli dəstək verməyə davam etməyə imkan yaradır. Bir psixoloqun öz emosiyalarını tənzimləmə bacarığı həm də pasientləri üçün model rolunu oynayır. Biz duyğunu tanımaq, qəbul etmək və nəzarətdə saxlamağın mümkün olduğunu göstəririk". 

Mütəxəssis diqqətə çatdırıb ki, psixoloq da zaman-zaman problemli həyat yaşayır, ağlayır və tək qalmaq istəyir:

"Digər insanlar kimi onların da bir fərd olduğunu unutmamalıyıq. Günümüzdə hər kəs "Sən psixoloqsan, niyə ağlayırsan? Niyə əsəbləşirsən?" kimi sualları bizə tez-tez verir. Bizlər o anlarda seansları dayandıraraq, özümüzlə qalaraq, duyğularımızı tanıyaraq və katarsis olaraq geri dönürük.

Duyğularımızı basdırmadan duyğularımızı tam yaşayaraq şəfalandıqdan sonra seanslara davam edirik. Məncə, hər bir psixoloqun da öz psixoloqu olmalıdır. Bu, onların vətəndaşlara daha yaxşı xidmət etmələri üçün lazımdır".

Pərviz

0