"Əslində, Azərbaycanda çimərlik turizminin potensialı yüksəkdir, ancaq əfsuslar olsun ki, bəzi səbəblərə görə bu sahədə inkişaf istənilən səviyyədə getmir".
Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən bəhs edib:
"Çimərlik turizminin inkişaf etməməsinin əsas səbəblərindən biri məhz infrastruktur çatışmazlığıdır. Nəzərə almaq lazımdır ki, bir çox çimərliklərdə sanitar qovşaqlar, duş, geyinmə kabinələri, parkinq və tibbi xidmətlər ya yoxdur, ya da zəifdir. Həmçinin, çimərliklərdə kafeyə və əyləncəyə yönəlik obyektlər azdır. Üstəlik, onların xidmət keyfiyyəti də standartların altındadır".
Ekspert qeyd edib ki, bəzi çimərliklərdə isə suyun və qumun təmizliyi istənilən səviyyədə deyil:
"Bir çox hallarda sularda kanalizasiya axıntıları olur. Eyni zamanda, sahillərdə tullantılar və nəzarətsiz istismar əcnəbi turistlər üçün cəlbedici olmur".
Rəhman Quliyev diqqətə çatdırıb ki, bütün bu və digər səbəblərə görə ölkəmizdə çimərlik turizmi inkişaf etmir və xarici turistlərin marağını çəkmir:
"Təəssüf ki, Azərbaycan çimərlikləri dünya bazarında tanınmır. Məsələn, dünyada Antalya, Batumi və ya Dubay çimərliklərinin təbliğatı çox güclüdür. Lakin onlarla müqayisədə bizim çimərliklərin təbliğatı həddindən artıq dərəcədə zəifdir. Hesab edirəm ki, bu istiqamətdə addımlar atmaq lazımdır.
Məsələn, çimərliklərimiz turoperatorlar və beynəlxalq platformalarda marketinqə daha çox vəsait ayırmalıdırlar. Hazırda çimərlik reklamları əsasən yerli auditoriyaya yönəlib. Üstəlik, çimərliklərimizdəki mövcud qiymətlər də bəzi hallarda göstərilən xidmətə uyğun olmur".
Pərviz