Avqustun 11-də ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır. Təhsil ekspertləri bu il ali təhsil müəssisələrində bütün ixtisas qrupları üzrə pedaqoji, yəni müəllimlik ixtisaslarının sayının kəskin şəkildə azaldılığını bildiriblər.
Hətta bəzi universitetlərdə bir sıra müəllimlik ixtisaslarının tamamilə ləğv olunduğu qeyd edilib.
Xatırladaq ki, Elm və təhsil naziri Emin Əmrullayev müsahibələrinin birində Azərbaycanda orta ixtisas təhsili müəssisələrində pedaqoji ixtisasların tədricən ləğv edildiyini bildirmişdi.
Həmçinin, Azərbaycanda bir neçə ildir ki, müəllimlərin işə qəbulu imtahanla aparılır və Azərbaycanın bölgələrində yerləşən təhsil müəssisələrində işləyən müəllimlər üçün həvəsləndirmə tədbirləri həyata keçirilir. Buna baxmayaraq ölkədə müəllim çatışmazlığı mövcuddur.
Bəs pedaqoji ixtisasların sayının azalması hansı zərurətdən yaranıb?
Mövzu barədə Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, Azərbaycanda müəllim ehtiyatı kifayət qədərdir:
"Bu ildən etibarən təhsil müəssisələrinin bir çoxunda pedaqoji ixtisaslarda plan yerləri bir qədər azaldılıb. Bunun da səbəbi odur ki, bizdə müvafiq olaraq, müəllimlik üçün vakant yerlərin sayı hər il 8-11 min aralığı dəyişir. Amma müraciət edənlərin sayı isə təxminən 60-65 minə çatıb.
Bu qədər müəllim ehtiyatı var, amma vakant yerlərin sayı azdır. Hər il də pedaqoji ixtisasları bitirən təxminən 5-6 min namizədi də bu cərgəyə qatmaq bir neçə müddət sonra demək olar ki, vakant yerlərin 100 min həddə çatacağı anlamı daşıyır.
O baxımdan plan yerlərinin azaldılması vacib idi. Həmçinin, təhsil müəssisələrində optimallaşma və rasionallaşdırma ilə əlaqədar olaraq vakant yerlərin sayının azaldılması baş verir. Əvvəl 4440-a yaxın təhsil müəssisəsi var idisə, hazırda bunların sayı azalıb. Təxminən 4 minə yaxın tam orta ümumtəhsil müəssisəsi fəlaiyyət göstərir. Bir neçə il ərzində say azaldılacaqsa, bu, o deməkdir ki, təhsil müəssilərində bu yöndəki ixtisasların sayı azaldılmalıdır".
Ekspertin sözlərinə görə, ucqar kənd məktəblərində müəllim çatışmazlığı sosial və maddi səbəblərdən qaynaqlanır:
"Bölgələrimizdə müəllim çatışmazlığı problemi var, bu, konkret olaraq kadr çatışmazlığından qaynaqlanmır. Ona görə də bölgələrdə müəllim çatışmazlığının qarşısını almaq üçün müvafiq layihələr, tədbirlər, həvəsləndirici xarakterli qərarlar qəbul olunmalıdır ki, məhz ucqar bölgələrimzdə olan müəlim çatışmazlığı problemi aradan qalxsın”.