Son günlər Ağdaşın Ləki kəndində baş verən və sonu intiharla nəticələnən “cehiz “ əhvalatı medianın və sosial platformaların gündəmini zəbt edib. Kənd sakini, 23 yaşlı Qiyas İsmayılzadə yaşadığı evdə özünü asıb. Bir neçə gün sonra toyu olacaq gəncin intiharına səbəb kimi anasının gəlinin gətirdiyi cehizi bəyənməməsi və bu üzdən ailələr arasında yaranan narazılıq göstərilir. Nəticədə gənc həyatına qəsd etməklə valideynlərinə etiraz edib. Qiyasın ölüm xəbərini eşidən qız da ağır psixoloji sarsıntı keçirib...
İndi ictimaiyyət “təəssüf ki, hələ də xoşbəxtliyi bahalı cehizdə, zinət əşyalarında görən ailələr çoxdur”, - deyərək, gənclərin həyatına valideynlərin bu cür müdaxiləsini lənətləyir.
“Bu, əslində SOS siqnalı çalınacaq və cəmiyyəti hərəkətə gətirməli olan bir hadisədir. Təəssüf ki, bu cür halların sayının artdığını görürük”, - deyə millət vəkili Ceyhun Məmmədov hadisəyə münasibət bildirir: “Valideyn üçün övladının sağlamlığı, həyatda olması cehiz məsələsindən daha önəmlidir. Təəssüf ki, bu gün valideynlərimiz də bir sıra hallarda öz missiyalarını yerinə yetirmirlər. Boşanmaları təhlil edəndə də görürük ki, əsas səbəb valideynlərin gənc ailələrə həddən artıq müdaxilə etməsidir”. Millət vəkili bu gün cəmiyyətdə deqradasiyanın sürətlə artmasından, güclü mənəvi aşınmadan, dəyərlərin transformasiyasından da narahatlığını bildirir: “Bu cür hadisələr də dəyərlərin, ənənələrin zəifləməsi nəticəsində baş verir. Təəssüf ki, getdikcə daha çox istehlakçı, maddi cəmiyyət oluruq. Təbii ki, burada təhsilin, dünyagörüşün, intellektual səviyyənin də rolu var. Əslində telekanallar verilişlərdə kimlərinsə boşanmasını, parlaq həyatlarını yox, bu tip məsələləri qabartmalıdırlar. Valideynlərə tövsiyə olunmalıdır ki, övladları ilə diqqətlə rəftar etsinlər, öz davranışları ilə onları intihara, yanlış yola sövq etməsinlər. Çünki sonrakı peşmançılıq heç bir fayda verməyəcək. Valideynlərlə, gənclərlə davamlı maarifləndirmə işi aparılmalıdır. Əgər bunu etməsək, gələcəkdə belə halların sayı daha da artacaq!”
Ədəbiyyatşünas alim, professor Rüstəm Kamal bütün dünya xalqlarında cehiz vermək ənənəsinin olduğunu bildirir: “Cehiz xoşbəxtliyin simvoludur və gənc ailəyə kömək kimi nəzərdə tutulur. Hətta Amazon, Afrika meşələrində yaşayan qəbilələrdə də cehiz vermək ənənəsi var. Amma bu, “Qaynana” filmindəki kimi “maşın-maşın cehiz” miqyasında da, bir qol saatı da ola bilər. Cehiz ata evi ilə qızın bağlılığının simvoludur. Bu ritualın üzərindən də gənc ailələrə basqılar edilir. Baş verən faciədə olduğu kimi, - bu ailələrin, valideynlərin cahilliyi üzündən iki gəncin sevgisi nakam oldu”. Professor hesab edir ki, toy və yas adət-ənənələrinə dövlət səviyyəsində nizam gətirilməlidir:
“Qonşu ölkələrdə bu sahədə mütərəqqi nə varsa tətbiq olunmalı, maarifləndirici işlər aparılmalıdır. Sosial şəbəkələrdə hansısa müğənninin qazancı, istirahəti təbliğ olunursa, dolayısı ilə bu məsələlərə təsir etmiş olur, bu sahədə cəhaləti bir az da dərinləşdirir, ölkəmizin ailə institutu dağıdılır. Telekanallarda qayınana-gəlin davaları təbliğ olunur. Rayon yerlərində bu tip verilişlərə baxırlar. Mental dəyərlərimiz təhlükə altına düşür. Ailə problemləri üzərində reytinq qazanmağa son qoyulmalıdır, cəmiyyətə pozitiv örnək olan nümunələr tapılmalıdır”. R.Kamalın fikrincə, sadə yolla xoşbəxt olan örnək ailələr təbliğ olunmalı, alimlər, yazıçılar, ziyalılar sözlərini deməlidirlər. Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti gücləndirilməlidir: “Bu cür faciələrin bir səbəbi də cəmiyyətdəki mənəviyyat problemləridir. Məktəblər cəmiyyətdən təcrid olunub. Ağsaqqallar institutu məhv olub. İki Vətən müharibəsi görmüş xalqın düşüncəsində onsuz da hüzur yoxdur. Onlar da bu cür verilişlərlə xalqa “dron” atırlar. Təəssüf ki, süni intellektdən danışa-danışa süni cəhalətə gedirik!”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, Elmi-Psixoloji Mərkəzin psixoloqu Nigar Məmmədova da hesab edir ki, oğlan evi tərəfindən qızılların, qız evi tərəfindən cehizin verilməsi gənclərə kömək məqsədi daşıyır. Amma buna var-dövlət və ya kiməsə göstərmək məqsədi ilə yanaşanlar da var: “Biz bu yanaşmanı şəhərə, kəndə bölə bilmərik. Bu, insanların xislətindədir. Rayon yerində camaat gəlib gəlinin cehizinə baxır. Amma anlamırlar ki, nə gətiribsə, ailənin istifadəsi üçündür. Talelər cehiz üzərində qurulmamalıdır. Gənclər var, baş-başa verərək gedib xaricdə yaşayır, müəyyən zamana qədər “birdəfəlik” qablardan istifadə edirlər. Amma ailə tanıyıram ki, uşaqları altıncı sinifdə oxuyur, hələ də evdə cehiz söhbəti gedir. Cehiz üzərində qurulan ailənin sonu yoxdur”. Psixoloq ailələrdə valideynlərin müdaxiləsinin böyük problemlərə səbəb olduğunu deyir: “Bizdə övlad 50 yaşına çatır, yenə valideyn ailəsinə müdaxilə edir. Təəssüf ki, valideynlər elə bilirlər ki, müdaxilə həmişə olmalıdır. Bu, boşanmaların sayının artmasında da özünü göstərir. Ailələr dağılmasın, sevgilər nakam qalmasın deyə, çox istərdim ki, məktəblərdə psixologiya dərsləri keçirilsin. 23 yaşlı oğlan öz sevgisini müdafiə edə bilmirsə, bunun günahını cehizdə görməyək. Uşaq da sözünü deməyi bacarmalıdır. Eyni zamanda, valideynlərin maarifləndirilməsi çox vacibdir. Valideyn iclaslarında psixoloqlar danışmalıdır”.
Mənbə: "Kaspi" qəzeti