Ali təhsil müəssisələrinə qəbuldan sonra qarşıda dayanan əsas məsələlərdən biri tələbələrin yataqxana problemi olur. Kimisi yer tapmaqda çətinlik çəkir, kimisi də qiymətlərlə razılaşmaq istəmir.
Növbəti tədris ilində tələbə yataqxanaları ilə bağlı vəziyyət necə olacaq? Qiymət artımları nəzərdə tutulurmu?
Trend bir neçə ali təhsil müəssisəsinə məsələ ilə bağlı sorğu ünvanlayıb.
Azərbaycan Tibb Universitetindən cavab olaraq bildirilib ki, növbəti tədris ilində ATU-da yataqxana qiymətləri ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Qiymət əvvəlki illə eyni olaraq qalacaq.
Bakı Dövlət Universitetindən qeyd edilib ki, BDU-nun Tələbə Evi 220 nəfərlikdir.
"Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Əsasən, şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları qəbul edilir. Yataqxananın ödənişi 75 manatdır və növbəti tədris ili üçün hər hansı bir dəyişiklik nəzərdə tutulmur”, - deyə əlavə edilib.
Lənkəran Dövlət Universitetindən isə bildirilib ki, hazırda 160 nəfərlik qızlar üçün, 250 yerlik isə oğlanlar üçün yataqxana fəaliyyət göstərir. Yataqxananın qiyməti 60 manat təşkil edir və qiymətlə bağlı dəyişiklik gözlənilmir.
Mingəçevir Dövlət Universitetindən qeyd edilib ki, Mingəçevir Dövlət Universitetində hazırda tələbə yataqxanası mövcud deyil.
"Universitetin 7 hektarlıq ərazidə yeni kampusu tikilmə prosesindədir. Həmin kampusun tərkibində 300 qız, 300 oğlan tələbənin yerləşə biləcəyi yataqxana kompleksi də nəzərdə tutulub. Tikinti başa çatıb kampus istifadəyə veriləndə qiymət və digər məsələlərlə bağlı məlumat verə bilərik”, - deyə əlavə edilib.
Azərbaycan Dövlət İqtisad Universitetindən verilən məlumata görə isə, UNEC-n 5 tələbə yataqxanası mövcuddur:
"Həmin yataqxanalarda hazırda məcburi köçünlər yaşayır. Ona görə də yataqxanaları tələbələr istifadə edə bilmir. Məcburi köçkünlər köçürüldükdən sonra yataqxanalar yenidən qurularaq, tələbələrin istifadəsinə veriləcək”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən isə sorğuya cavab olaraq bildirilib ki, ADNSU yataqxanası köhnə yataqxanadır.
"Əvvəlki illərlə müqayisədə yataqxanalarda xüsusi bir dəyişiklik yoxdur, amma gələcəkdə təmir olunması nəzərdə tutulub. Ancaq bu barədə hələ qərar verilməyib, böyük yataqxanadır və bir neçə korpusdur. Nə zaman təmirə bağlansa və ya təmirdən sonra istismara verilsə, bu barədə məlumat verəcəyik.
Ümumilikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası 320 nəfərlikdir. Burada həm yerli, həm də əcnəbi tələbələr qalırlar, əcnəbi tələbələr, adətən, üstünlük təşkil edir.
Yataqxana 2 və 3 nəfərlik otaqlar şəklində fəaliyyət göstərir. Bir otağın qiyməti 100 manatdır. İki nəfər qaldıqda hər biri 50, üç nəfər qaldıqda isə 34 manat vəsait ödəyirlər", - deyə əlavə edilib.
Təhsil ocağından vurğulanıb ki, yataqxana ödənişləri ilə bağlı hər hansı bir dəyişiklik gözlənilmir.
Naxçıvan Dövlət Universitetindən isə sorğuya cavab olaraq bildirilib ki, Naxçıvan Dövlət Universitetinin tələbə yataqxanası iki korpus şəklində olmaqla, 487 nəfər tələbə üçün nəzərdə tutulub.
"240 yer qızlar, 247 yer oğlanlar üçündür. Yataqxanada bir tələbənin illik ödənişi 800 manat olaraq müəyyənləşib. Qiymət artımı nəzərdə tutulmayıb. Naxçıvan Dövlət Universitetinin tələbə yataqxanasında otaqlar 2, 3 və 4 nəfərlikdir. Birinci mərtəbədə oğlanlara və qızlara aid bölmələrdə dərsə hazırlıq üçün elektron lövhə otağı və televizor – istirahət otaqları nəzərdə tutulub.
Həm qızlar, həm də oğlanlar üçün ayrı-ayrılıqda tennis, şahmat, hamam və vahid çamaşırxana yaradılıb. Bina təhlükəsizlik kameraları ilə tam təchiz olunub. Hər mərtəbədə oğlanlar və qızlar üçün mətbəx var. Tələbələrin istirahəti üçün yataqxana ətrafında yaşıllıq zolağı və asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət yerləri yaradılıb, yataqxana telefon və internet (Wi-Fi) xətləri ilə təmin olunub", - deyə məlumatda qeyd edilib.