Müəllimlərin işə qəbulu qaydası dəyişdi: "Yeni qərar müsbətdir"

SOSİAL
09:18 / 06.08.2025
128

Müəllimlərin işə qəbulu ilə bağlı qaydaların dəyişməsi narazılığa səbəb olub. 

Belə ki, müəllimlərlə bağlı yeni qaydaya əsasən (H1, H2) faktiki yaşayış yerini seçməlidirlər. Bu isə bir çox müəllimin narazılığına gətirib çıxarıb. 

Maraqlıdır ki, əvvəllər müəllimlərin kəndlərə getməsi üçün təşviqedici qərarlar verilirdi. İndi yeni qərar bunun əksinə deyilmi? Bu, kəndlərdə müəllim çatışmazlığını daha da artırmayacaq?

Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlama verib. O hesab edir ki, verilən qərar düzgündür:

379373

"Çünki bir çox müəllimin kənd yerlərini seçməsinin səbəbi müvəqqəti işləyib növbəti illərdə Bakı və Bakıətrafı məktəblərə gəlməkdir. Amma yeni verilən qərar ilk növbədə yaşayış yerinə uyğun vakansiyanın tutulmasına yönəlib. Bu da dayanıqlı inkişafa gətirib çıxarır, kənddən əhalinin şəhərə miqrasiyasının qarşısını alır və bölgələrdə iş məsələsinə müsbət təsir edir".

Ekspertin sözlərinə görə, ucqar kənd yerlərində yaşayanların əksər hissəsi dövlət hesabı müəssisələrdən əmək haqqı alır:

"Onların da içərisində birinci yerdə məktəblər gəlir. Yəni hansısa rayonda olan müəllim vakansiyasını məhz həmin rayon sakinin tutması bütün aspektlərdən daha uğurlu seçim sayılır. Lakin bu mərhələdə həmin vakansiya boş qalarsa bütün namizədlər üçün seçimə açıq sayılır. Müəllimliyə namizədlərin bu baxımdan narazılığı şəxsi mənada zərərlərinə olsa da, qərar ümumi mənafeyə görə müsbət addım kimi dəyərləndirilməlidir".

Pərviz

0