Cəmiyyətin psixoloji yardım almağa münasibəti necədir?

SOSİAL
11:54 / 07.08.2025
52

"Hazırda cəmiyyətimizdə psixoloji yardım almaqla bağlı fikirlər fərqlidir". 

Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bəzi şəxslər psixoloqa müraciət etməyi ruhi sağlamlıq olaraq anlayırlar:

"Lakin əfsuslar olsun ki, bəziləri hələ də psixoloqa "dəli həkimi" kimi yanaşır və inanmırlar. Əslində, psixoloq ruhla işləyən terapistdir. Psixoloqun otağına keçdiyiniz an seans başlayır. İnsanlar bəzən elə düşünürlər ki, psixoloq sadəcə dinləyir və məsləhət verir. Xeyr, psixoloq dinləməkdən əlavə danışılanları analiz edərək filtrdən keçirir. 

Ümumiyyətlə, psixoloq məsləhət vermir. Əgər məsləhət və vəd verən psixoloq görsəniz, seansı dayandırın. Psixoloq qarşısında əyləşəndə sizin bədən diliniz, səs tonunuz, danışıq tərziniz, cümləni qurma şəkliniz, yazı, imza, xətt hətta gördüyünüz röyalar və s. halları analiz edilir. Çünki edilən hər bir davranış və ya gördüklərimiz şüuraltından gəlir. Şüurlu olaraq biz danışacağımız sözləri idarə edə bilərik, amma digər qeyd etdiklərim çətin prosesdir".

379440

Ekspert seanslarda rastlaşdığı durumlarda gənc nəslin psixoloji dəstəyi qəbul etdiyini, amma valideyin və ya yaşlı nəslin bu vəziyyəti qəbullanmadığını müşahidə etdiyini söyləyib:

"Onlar, psixoloji dəstəyə inanmadıqları üçün hətta övladlarına da qarışırlar. "Mənim övladımın psixoloji problemi yoxdur" deyərək icazə vermirlər. Bu halların olmasına baxmayaraq, psixoloqlar artmaqdadır. Ancaq təəssüf hissi ilə qeyd edirəm ki, bir neçə aylıq kurs bitirib fəaliyyət göstərən psixoloqların da sayı artır. 

Bu, peşəkar psixoloqlara sahə cəhətdən təsir etməsə də, cəmiyyətin güvəninin sarsılması cəhətdən mənfi təsir edir. Əgər psixoloq peşəkar deyilsə, yanlış diaqnoz qoyacaq və yanlış müalicə edərək pasiyentə iki qat travma yaşatmış olacaq. Ona görə də, psixoloqa müraciət etmədən onu dərindən araşdırmaq lazımdır".

Müsahibimiz diqqətə çatdırıb ki, psixoloqa qarşı formalaşan yanlış stereotiplər var:

"Bunlardan arasında "dəli həkimi", "sadəcə pula görə dinləyir", "psixoloqa zəif insanlar gedir", "kişi psixoloqa getməz" və "insan problemini özü həll edər" kimi çox sayda belə stereotiplər mövcuddur. Ancaq qəbul etmək lazımdır ki, psixoloq sadəcə pul üçün psixoloji dəstək vermir. Bir sözlə, psixoloq sadəcə ödəniş üçün seans keçmir. 

Psixoloqluq bir sahə olduğu üçün onların da aylıq gəliri olmalıdır. Bu digər işlərdə olduğu kimi son dərəcə təbiidir. Düzdür, bəzi psixoloqlar tamamilə şişirdilmiş qiymətlər irəli sürürlər. Məsələn, 200-300 manat tələb edən psixoloqlar da var. Ancaq ödəniş ortaq bir məxrəcə gətirilməlidir ki, hər pasiyent üçün uyğun olsun".

Mütəxəssis vurğulayıb ki, əslində, psixoloqa güclü insanlar gedir:

"Çünki zəif insanlar travmaları ilə üzləşə bilmir və dəyişməkdə çətinlik çəkirlər. Kişinin güclü olduğu üçün psixoloqa getmədiyi ifadəsi isə tamamilə yanlışdır. 

Kişilər və qadınlar fərqlidirlər. Amma bu, kişilərin travma almayacağı və ya hissiz olduqları demək deyil. Cinsindən asılı olmayaraq insanın özünəxas yaradılışı var və biz bunu dəyişə bilmərik".

Aydan Məmmədova fikirlərini belə yekunlaşdırıb:

"Cəmiyyətdə psixologiya sahəsinə maraq artıb və artmaqdadır. Sadəcə doğru şəkildə yanaşılsa, daha sağlam psixoloqlar və cəmiyyət formalaşacaq. Psixoloq öz sərhədlərini qorumağı bacarmalıdır.  Çünki psixoloq özünü deyil, peşakarlığını təqdim edərək addımlamalıdır".

Pərviz

0