Həftəiçi müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start verildi.
Lakin təqdim olunan vakansiyalar bir çox müəllimi razı salmadı. Onlar, vakansiyaların həddindən artıq dərəcədə az olduğunu söyləyirlər.
Bu barədə saytımıza da şikayət daxil olub. Musiqi müəllimi Rəna Hüseynova Hit.az-a açıqlamasında deyib ki, normalda bir çox yer boşdur:
"Bir çox məktəbdə müəllim olmasa da, vakansiya yoxdur. Yəni vakansiya çıxmalıdır ki, amma çıxmır. Deməli, məktəb direktorları vakansiyaları gizlədir. Çünki faktiki olaraq bəzi məktəblərdə müəllim yoxdur. Musiqi, təsviri incəsənət və digər ixtisaslar üzrə müəllim yeri boşdur. Bununla bağlı Elm və Təhsil Nazirliyini də zəng edib, şikayət etmişik. Lakin bu barədə məlumatlarının olmadığını deyirlər".
O, xüsusilə musiqi üzrə vakansiyaların çox az olduğunu deyib:
"Ümumi 38 vakansiya var. Bakı üzrə isə cəmi 9 vakant yer verilib. Amma bilirik ki, bəzi məktəblərdə yerlər boşdur, müəllim yoxdur. Bəs həmin yerlər niyə vakansiyaya çıxmır? Məsələn, Gəncə, Goranboy, Göygöl, Samux, Bərdə, Tərtər, Lənkəran, Lerik, Astara, Qax, Zaqatala, Quba, Qusar, Şəmkir, Tovuz, Ağstafa, Ağdaş, Qazax, Şəki Mingəçevir, Sumqayıt, Şirvan, Qəbələ, İsmayıllı, Göyçay, Kürdəmir, Göyçay, Xızı, Xaçmaz, Qubadlı, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl, Xocalı, Zəngilan, Füzuli və Horadiz məktəbləri boşdur, amma vakansiya verilməyib.
Hər il minlərlə müəllim imtahanda iştirak edib uğur qazanır. Bəs bu müəllimlər harda işləyəcəklər? Əziyyətlə oxuyurlar, uğur qazanırlar, amma məktəblər vakansiyanı gizlədir".
Qeyd edək ki, ötən gün bəzi musiqi müəllimləri Elm və Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.
Şikayətçinin sözlərinə görə, bəzi məktəblərdə 5 saat dərs var, amma vakansiyaya çıxarılmır:
"Elm və Təhsil Nazırliyi tərəfindən bizə verilən məlumata əsasən, bəzi məktəblərdə 5 saat dərs saatı var. Lakin onlar vakansiyaya çıxarılmır. Səbəb olaraq isə 5 saat artıq vakansiyaya çıxmayacağını, çünki bu saatın müəllimlər üçün az olduğunu bildirirlər. Onun əvəzinə 5 saat vakansiyaları birləşdirib 15 saat olaraq müəllimlərə təqdim edəcəklərini söyləyirlər".
O, bundan narazı olduqlarını bildirib:
"Biz musiqiçi müəllimləri olaraq bu qərardan narazıyıq. Çünki musiqi fənnindən onsuz da yüksək saat yoxdur. Yüzlərlə müəllim hər il 5 saatlıq məktəblərdə dərs deyir. Bu saatların ləğv olması həmin müəllimlərin yarısından çoxunun işsiz qalması deməkdir".
Müəllimlər həmin 5 saat dərslərin də vakansiyaya çıxarılmasını təklif edirlər:
"Təklif edirik ki, 5 saat dərs yükü olan məktəblər vakansiyaya çıxarılsın və hamı işlə təmin olunsun. Az da olsa bütün əziyyətlə oxuyan təhsil alan müəllimlər əziyyətini qarşılığını görsün. Onlar üçün 5 saat çox böyük saatdır, digərləri üçün az ola və ya razı olmaya bilərlər. Lakin onların fikirləri nəzərə alınıb bu qərarı çıxartdıqlarına görə, bizim təklifimizi də nəzərə alıb 5 saatları növbəti turda vakansiyaya çıxartmalarını təklif edirik".
Pərviz