Ölən şəxsin şəklini torta yerləşdirmək düzgündür?

SOSİAL
21:16 / 11.08.2025
46

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günündə təşkil edilən mərasimdə çəkilən foto müzakirələrə səbəb olub.

Həmin mərasimdə mərhum H.Əliyevanın anası Kəmalə Alıyevanın  qarşısına üzərində qızının fotosu olan tort qoyulub.

Sözügedən görüntüləri tənqid edən sosial şəbəkə istifadəçiləri ananın əlinə bıçaq verib belə bir tortu kəsmək istənilməsini həm onun ruhuna, həm də ailəsinə hörmətsizlik kimi qiymətləndiriblər. 

Qeyd edək ki, buna bənzər hallar bir neçə dəfə yaşanıb.

Təşkilatçılar vəfat edən şəxsin fotosunu tortun üzərinə vurur və yaxınlarına da tortu kəsməyi tapşırırlar.

Kədər içində boğulan valideyn övladının şəkli olan tortu əziyyətlə kəsir.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bu gün insanlar şəhidlərin adını, qəhrəmanlığını yaşatmaq üçün müxtəlif yollara üz tuturlar ki, bu da xoş qarşılanmır: 

“Tortun üzərinə şəklini yerləşdirmək onun sağ olan yaxınları üçün ağırdır. Bu hadisələr insanların empatiya qura bilməməsindən qaynaqlanır. İnsanların bir çoxu empatiya qura, özlərini o ağrını yaşayan şəxsin yerinə qoya bilmirlər. Əgər insanlar özlərini o şəxslərin yerinə qoyub bir az düşünsələr, belə hallar yaşanmaz. Bunu edə bilməyənlər sanki dar çərçivədə düşünürlər. Nəticədə cəmiyyətdə belə hadisələrə qıcıq yaradan hal kimi baxılır”.

Sevinc

0