Psixologiyaya maraq artıb: "3-6 aylıq kurs bitirərək psixoloq olunmaz"

SOSİAL
13:55 / 15.08.2025
58

"Son zamanlarda gənclərin psixologiyaya marağının artması çox sevindiricidir".

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, psixologiya təkcə peşə deyil, həm də insanlara toxunan, cəmiyyətin psixoloji rifahını artıran dərin və məsuliyyətli bir sahədir:

"Psixoloq olmaq istəyən şəxs ilk olaraq bilməlidir ki, bu sahədə uğur qazanmaq üçün yalnız maraq kifayət etmir. Bu, həm də peşəkar hazırlıq, etik davranış və şəxsi inkişaf tələb edən bir prosesdir. Əlbəttə ki, psixoloq olmaq üçün birinci mərhələ ali təhsil almaq lazımdır. Azərbaycanda və ya xaricdə psixologiya üzrə bakalavr təhsili almaq ilk addımdır".

379882

Ekspert vurğulayıb ki, bu zaman psixoloji nəzəriyyələr, insan davranışı, inkişaf psixologiyası, sosial və klinik psixologiya kimi əsas istiqamətlər öyrənilir:

"Bu baza olmadan sağlam psixoloji bilik formalaşmır. Növbəti mərhələ isə ixtisaslaşmadır. Psixoloq olmaqla kifayətlənməyib, hansı sahədə çalışmaq istədiyinizi müəyyənləşdirməlisiniz: klinik psixoloq, uşaq psixoloqu, ailə terapevti və s. Bunun üçün magistr təhsili, müxtəlif ixtisasartırma kursları və təlimlər önəmlidir. 

Amma hər hansısa 3-6 aylıq kurs bitirərək psixoloq olunmaz. Biz bu sahənin məsuliyyətini anlayaraq psixoloq olmalıyıq. Seansların qiymətlərinə baxaraq aylıq və ya günlük yaxşı qazanc əldə etməyə görə yox, insanların ruhuna toxunmaq üçün bu sahəni seçməliyik". 

Mütəxəssis qeyd edib ki, ən vacib məqamlardan biri isə praktik təcrübə və superviziya prosesidir:

"Psixoloq yalnız nəzəri biliklərlə deyil, real pasiyentlərlə işləmək bacarığı ilə formalaşır. Bu səbəblə təcrübə proqramları, müşahidə və superviziya altında işləmək vacibdir. Superviziya  yəni təcrübəli bir psixoloqun müşahidəsi altında işləmək peşəkar inkişafın ayrılmaz hissəsidir. Digər vacib məsələ özünü tanımaq və emosional hazırlıqdır. 

Psixoloq başqalarının duyğularını, travmalarını daşıyan şəxsdir. Əgər özü bu sahəyə psixoloji cəhətdən hazırlıqlı deyilsə, bu yük onu da zədələyə bilər. Buna görə bu peşəyə gəlmək istəyən insan öncə öz daxili dünyasını tanımalı, bəzi şəxsi zədələrini emal etməlidir". 

Zəhra Zahidova diqqətə çatdırıb ki, gənclərin, xüsusilə xanımların bu sahəyə meyilli olması təsadüfi deyil:

"Xanımlar empatiya, dinləmə və hiss etmə bacarıqları ilə ön planda olurlar. Amma bu, eyni zamanda emosional sərhədlər, etik kodeksə sadiqlik və dayanıqlılıq tələb edir. Sonda onu da qeyd edim ki, bu sahə daim öyrənməyi tələb edir. Sertifikatlar, təlimlər, psixoloji ədəbiyyatlar psixoloqu daim təkmilləşdirən vasitələrdir.

"Mən bir texnikanı bildim artıq seans qəbul edə bilərəm" deyən psixoloqlara ruhunuzu təslim etməyin. Nəticə olaraq, psixoloq olmaq istəyən şəxs bu sahəyə dərin maraqla yanaşmalı, akademik və praktik hazırlığını tamamlamalı, insanlara həssas, eyni zamanda dayanıqlı şəkildə yanaşmağı bacarmalıdır. Psixologiya bir sənət və xidmət sahəsidir vicdanla, biliklə və mərhəmətlə yanaşılmalıdır".

Pərviz

0