Sağlam münasibət qurmaq üçün nələrə diqqət etməliyik?

SOSİAL
11:10 / 22.08.2025
54

"Sağlam münasibətin qurulmasının insanlara çox gözəl təsirləri olur". 

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, sağlam ünsiyyət şəxsin inamını toparlanmasına kömək edir:

"Eyni zamanda, sağlam ünsiyyət insanların özgüvənlərinin nisbətən də olsa toparlanmasına yardımçı olur. Sağlam münasibətin olması əhval-ruhiyyənin yüksəlməsinə və fərdin özünün daha da güvənli hiss etməsinə gətirib çıxarır". 

Ekspert qeyd edib ki, yaxşı münasibətin yaranması üçün bir neçə addımlar atılmalıdır:

"Qarşımızdakı insanla sağlam ünsiyyət qurmaq istəyiriksə, sərhədlərimizi qorumağı bacarmalıyıq. Bundan əlavə, insani ünsiyyət qurmağa da fikir vermək lazımdır. Yəni qarşımızdakı şəxsi incitmədən, qırmadan və onun düşüncələrinə hörmət edərək addım atmaq çox önəmlidir. 

Həmçinin, qarşımızdakı insanı dinləməyi də bacarmalıyıq. Dinləmək qabiliyyəti çox gözəl bir şeydir. Biz qarşımızdakı insanı dinləməyi bacardığımız anda onu sadəcə dinləmiş kimi etmirik, həqiqətən də dinləyirik və onu başa düşməyə və anlamağa çalışırıq. Bu da qarşımızdakı insanla sağlam münasibət qurmağın ilkin addımlarından biridir". 

380295

Psixoloq vurğulayıb ki, qarşımızdakı insanın dəyərlərinə və baxış bucağına hörmət etmək də çox önəmlidir:

"Dəyər və baxış bucaqlarına hörmət etdiyimiz zaman bir növ özümüzü onun yerinə qoyuruq. "Mən olsam bunu belə qəbul edərəmmi?" kimi sual veririk. Yəni qarşımızdakı insanı da bir növ öz yerimizə, özümüzü də onun yerinə qoyaraq qarşılıqlı empatiya qururuq. 

Empatiya qurmaq da çox əhəmiyyətlidir. Sağlam münasibət üçün qarşımızdakı insanı dinləməyi, anlamağı, onun fikir və düşüncələrinə hörmət etməyi, özümüzü onun yerinə qoymağı, sərhədlərinə hörmət etməyi və öz sərhədlərimizin də qorunmasını təmin etməyi bacarmalıyıq". 

Nabat Mirzəyeva diqqətə çatdırıb ki, kiçik yalanlardan qaçmaq, verdiyimiz sözün üstündə durmaq və qarşımızdakı insanla doğru ünsiyyət qurmaq vacibdir:

"Yalanlarla qurulan dostluğu deyil, doğruluqla qurulan dostluğu və ünsiyyəti üstün tutmalıyıq. Əgər bir konflikt baş verərsə, həmin konflikti uzatmaq yerinə "sən belə insansan", "sən bu cürsən" deyərək yox, "mən" dili ilə danışaraq, qarşı tərəfi günahlandırmadan, ünsiyyət şəklində, anlaşılaraq və anlayış göstərərək həll etməyə çalışmaq çox önəmlidir. Bu, yalnızca sağlam ünsiyyət qurmağımız üçün deyil, ümumiyyətlə, hər bir münasibətdə və şəraitdə bizim üçün çox vacibdir".

Müsahibimizin sözlərinə görə, qarşımızdakı insanla sağlam ünsiyyət qurmaq istəyiriksə, ona dəstək olduğumuzu da göstərməliyik:

"Yəni "mən sənin yanındayam, səni anlayıram, səni dinləyirəm" demək və bunu davranışla göstərmək olduqca mühümdür. Bu da bir növ empatiyadır. Nəzərə almaq lazımdır ki, biz empatiya qurduğumuz anda, qarşımızdakı insan da istər-istəməz bu anlayışı görür və cavab verir.

Eyni zamanda, özümüzü sevməyə başlamalıyıq. İnsan özünü sevməyə, özünü dəyərləndirməyə başladığı anda ətrafındakı insana da, sağlam ünsiyyət qurmaq istədiyi şəxsə də həmin o sevgi, dəyər, diqqət və anlayışı göstərməyə başlayır". 

Pərviz

0