Dinlərdə azadlıq prinsipi

SOSİAL
18:59 / 22.08.2025
42

Belə fikirlər var ki, xristianlıq yəhudilik və İslamdan daha azaddır.  

Hər üçü Allahın dinidirsə, niyə xristianlıq daha yumşaqdır?

İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, əslində Allah bir neçə din göndərməyib. Din bir olub. Sonradan parçalayıb təhrif ediblər: 

"Əslində yəhudilik, xristianlıq adlı din gəlmir, bunu sonradan insanlar adlandırır. Dinləri istəklərinə görə ya mühafizəkar ya da azad şəklə salırlar. Xristianlıq da vaxtilə mühafizəkar olub. Orta əsrlərdə tonqalda adam yandırılan vaxtlar olub. Amma sonradan reform nəticəsində humanstləşib və kilsə ayrılıb. Əsasən Avropada elmin, mədəniyyətin inkişafına səbəb də bu olub. İslamda İsə radikal ruhanilər reforma, islahata imkan vermədilər. Orta əsrlərdə Abbasilər zamanında Mötəzilə hərəkatı yaranmışdı. Onlar akademiya yaradıb xarici dilləri, fəlsəfəni, dünyəvi elmləri öyrənirdilər. Ağılı və elmi qabağa salırdılar. Qısa müddətdə çox böyük tibb, ədəbiyyat, fəlsəfə üzrə mütəxəssislər, üləmalar yetişmişdi. Az zamandan sonra onları mühafizəkarlar məhv etdilər, kitablarını da yandırdılar. Müsəlmanların Portuqaliya və İspaniyanı fəth edərək orada dövlət qurması xristian mədəniyyəti ilə müsəlman mədəniyyətinin qarışığı nəticəsində möhtəşəm elmi nailiyyətlərə gətirib çıxarmışdı. Onu da sonra xristianlar oranı tutaraq , məhv etdilər. Yəni bir sözlə, səmavi dinləri azad olmayan şəklə insanlar salır, Allah deyil. Allahın endirdiyi Qurandır. Quran da reformu əsas götürür. Fəqət elə bir ənənə formalaşıb ki, bunu din alimləri qəbul etmir. Çünki , onların əsrlərdir qurduqları müəssisələr, maddi maraqlarını əhatə edən sistem çökər. İnsanlara azadlığı Allah verir, insan yox. Quranda hökmlərin zamana, məkana, dövrdə görə dəyişməsi var. Bu, reformun xassəsidir. Amma mühafizəkarlar Quranın bu mexanizmini rədd edirlər. Yəni bir həqiqi din var, bir də uydurma din. Hazırda insanların azadlığını əlindən alan, radikal, xurafatçı din Allahın dini deyil, uydurma dindir".

Sevinc

0