Yeniyetmə ali məktəbə hazırlaşarkən bəzi valideynlər övladına "sən universitetə qəbul ola bilməsən biz el-aləm içində rüsvay olarıq" və ya "filankəsin uşağı tələbə adını qazansın, mənimki imtahandan kəsilsin sözünü özümə götürə bilmərəm" kimi sözlər söyləyir.
İmtahan stressi ilə yaşayan abituriyent bir tərəfdən də valideynin bu sözlərini eşidəndən sonra onun həyəcanı daha da artır. Və həmin uşaqlar imtahan zamanı özünü itirir, nəticədə çox zaman imtahandan yüksək nəticə əldə edə bilmir.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, valideynlərin ən böyük xətalarından biri də uşaqlarını başqaları ilə müqayisə etməkdir:
"Valideynin ən böyük səhvi ailə içində uşaqlarını bir-birilə müqayisə etməkdir. Bəzən valideynlər qeyd edirlər ki, "qardaşına bax, yaxşı oxuyur, bacına bax, imtahandan yaxşı bal yığdı". Belə olan halda uşaq qardaşına, bacısına qarşı aqressiv olur, eqoistlik yaranır, ona qarşı kin saxlayır. Digər halda isə valideyn övladını qonşu, qohum, sinif uşaqları ilə, yaxud dostları ilə müqayisə edir. Bu isə qəbuledilməzdir. Bu zaman uşaqda kin, paxıllıq, qorxaqlıq hissi yaranır və ən əsası, uşaq özünü aciz hiss edir. Ali məktəbə qəbul ola bilməyib, stress keçirən yeniyetmələr mütləq psixoloqa müraciət etməlidir".
Sevinc