Nə üçün psixoloqluğa daha çox qadın peşəsi kimi baxılır?

SOSİAL
11:38 / 27.08.2025
50

"Son illərdə psixologiya sahəsinin daha çox qadın peşəsi kimi qəbul edilməsi bir neçə sosial, mədəni və tarixi faktorla əlaqəlidir". 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O, bunun sadəcə statistik göstəricilərlə deyil, həm də cəmiyyətin psixologiya sahəsinə yüklədiyi "qadına xas" dəyərlərlə bağlı olduğunu bildirib:

"Psixologiya peşəsinin empatiya, emosional dəstək, dinləmə bacarığı, qayğı göstərmək kimi keyfiyyətlər tələb etməsi bu sahəni cəmiyyətin daha çox qadınlarla bağlamasına səbəb olub. 

Qadınların daha emosional, anlayışlı və diqqətli olduqları barədə formalaşmış stereotiplər psixoloq obrazını da xanımlara daha uyğun bir peşə kimi təqdim edir. Halbuki, bu keyfiyyətlər yalnız cinsiyyətlə deyil, şəxsi inkişaf və peşəkar hazırlıqla əlaqəlidir". 

380610

Ekspert qeyd edib ki, son illərdə qadınların təhsil sahəsində və peşəkar aləmdə daha aktiv rol alması onların psixologiya kimi humanitar sahələrə yönəlməsini artırıb:

"Qadınlar bu peşəni təkcə başqalarına yardım etmək üçün deyil, həm də özlərini daha yaxşı tanımaq, inkişaf etdirmək və ictimai fayda yaratmaq üçün seçirlər. Həmçinin, psixoloqluq artıq sadəcə "problem dinləmək" deyil, elmi bilik, etik məsuliyyət və professional bacarıq tələb edən ciddi bir sahə kimi tanınır. 

Bu dəyişiklik qadınların bu peşəyə daha çox maraq göstərməsinə səbəb olub. Çünki onlar bu sahədə həm öz daxili potensiallarını reallaşdırmaq, həm də sosial dəyişikliklərə töhfə vermək istəyirlər".

Lakin həmsöhbətimiz diqqətə çatdırıb ki, psixologiya sahəsində kişi mütəxəssislərin sayı az deyil:

"Sadəcə olaraq, onların görünürlüyü daha azdır. Kişilərin bu sahədə özlərini ifadə etməsi emosional zəifliklə qarışdırılır. Bu isə stereotiplərin bir başqa tərəfidir. Hərçənd ki, psixologiyada kişi və qadın baxışlarının və yanaşmalarının vəhdəti, sahəyə daha balanslı və zəngin perspektivlər qazandıra bilər". 

Zəhra Zahidova fikirlərini belə yekunlaşdırıb:

"Psixologiya sahəsinin qadınlarla əlaqələndirilməsi statistik bir üstünlükdən çox, cəmiyyətin gözləntiləri, sosial rollar və peşəyə yüklənmiş mənalarla bağlıdır. Bu stereotipi dəyişmək və hər iki cinsin bu sahəyə dəyərli töhfələr verə biləcəyini vurğulamaq vacibdir".

Pərviz

0