"Evdə az yaşlı uşaqlar varsa mütləq şəkildə təhlükəsizlik məsələsi ön planda olmalıdır".
Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, evdə uşaqların başına gələ biləcək bütün ehtimallar nəzərə alınmalıdır:
"Gözlənilə biləcək və ya gözlənilməyən bütün təhlüləkələrin hər birini diqqətdə saxlamaq lazımdır. Məsələn, uşaqların elektrik cərəyanlarına yaxın getməsinə icazə verilməməlidir. Bundan başqa, evdəki şkafların hər an aşma ehtimalını da nəzərə almaq lazımdır".
Ekspert fikirlərinə belə davam edib:
"Çünki həmin şkaflar uşaqların üzərinə aşa bilər. Həmçinin, uşağın üstünə aşanda üzərindəki əşyaların da uşağa əlavə zərər verməsi mümkündür. Məsələn, şkafların üzərindəki suvenir və ya digər bəzək əşyalarını buna nümunə göstərmək olar".
Mütəxəssis onu da vurğulayıb ki, evdə saxlanılan kimyəvi tərkibli yuyucu vasitələri də uşaqlar üçün təhlükə mənbəyidir:
"Bundan başqa, dərmanları, eləcə də həşəratlara və zərərvericilərə qarşı olan dərmanları da uşaqlardan uzaq saxlamaq lazımdır. Onlar az yaşlıların əllərinin çatmayacağı yerlərə qoyulmalıdır. Çalışmaq lazımdır ki, bu dərmanların heç biri uşaqların əlinə keçməsin".
Elmar Nurəliyevin sözlərinə görə, evdə olan kəsici və deşici alətləri də uşaqlardan uzaqda saxlamaq tövsiyə olunur:
"Hansı ki, bura da qayçı və bıçaq kimi alətlər daxildir. Eyni zamanda, azyaşlıların pəncərədən və yaxud da eyvandan yıxılma risklərini nəzərə almaq lazımdır. Yəni pəncərə və qapıların kilit sistemi ona uyğun olmalıdır.
Unutmayın, ani bir diqqətsizlik uşağın pəncərədən və ya eyvandan yıxılmasına səbəb ola bilər. Ona görə də uşaqlar olan evlərdə bütün bu kompleks tədbirləri həyata keçirmək lazımdır. Bunlara diqqət etsəniz, evdə övladınız üçün təhlükə və ya risk olmaz".
Pərviz