"Bəzən insanın hissləri ilə reallıq uyğun gəlmir".
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bunun səbəblərindən bəhs edib:
"Yaxşı bir şeyin olacağını gözləyirsən, amma içində qəribə bir narahatlıq hiss edirsən. Çox arzuladığın bir şeyin tərsi baş verir. Psixoloji baxımdan bu hal bir neçə səbəbdən qaynaqlanır".
Ekspertin sözlərinə görə, daxildə toplanmış qorxular və narahatlıqlar hissləri təhrif edir:
"Bir növ, beyin "təhlükəsizlik rejimi"nə keçir və yaxşı hadisəni belə təhlükə kimi hiss etdirir. Keçmiş travmalar burada da böyük rol oynayır. Əgər əvvəllər çox istənilən bir şeyin əksi yaşanıbsa, beyin bunu yaddaşda "belə olmalıdır" kimi saxlayır. Ona görə də yeni situasiyalara da həmin prizma ilə baxır".
Psixoloq vurğulayıb ki, özünə inamsızlıq və özünü dəyərsiz görmə hissi də bu vəziyyəti gücləndirir:
"Burada idrak təhrifləri də rol oynayır. Qara-ağ düşüncə, fəlakətləşdirmə və yalnız mənfi tərəflərə fokuslanma hisslərin obyektivliyini pozur. Digər tərəfdən, arzu ilə intuisiya çox zaman qarışır".
Ülviyyə Ağazadə qeyd edib ki, insan istəyini "hiss" kimi qəbul edir:
"Halbuki bu, sadəcə arzunun yaratdığı illüziyadır. Şüuraltı illüziya insanı qorumaq üçün daim işləyir. Keçmiş travmalar yaddaşda "şablon" kimi qalır və yeni vəziyyətlərdə yanlış siqnallar yaradır. Qorxular isə proyeksiya olunaraq yaxşı hadisəni də pis kimi hiss etdirir. Beləliklə, insan reallığı deyil, şüuraltının filtrlərini yaşayır".
Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu hallar psixoloji aspektdən insanın şüuraltı qorunma mexanizmləri, travma sonrası öyrənilmiş yanaşmaları və idrak səhvləri ilə bağlıdır:
"Psixoterapiya və şüur üzərində iş vasitəsilə bu təhriflər üzə çıxarılır. İnsan öz hisslərini reallığa daha uyğun oxumağı öyrənir və həyatdakı təcrübələri daha sağlam şəkildə dəyərləndirə bilir".
Pərviz