Bəzən insan problemlər qarşısında aciz qalanda özünü tək-tənha, yalqız hiss edir.
Bu vəziyyətdən xilas olmaq üçün müxtəlif yollar axtarır. Çarəsiz vəziyyətdə olduğunu düşünən belə insanlar bəzən falçı, baxıcı, öncəgörücü adlandırılan ekstrasensləri dərdlərinə dərman sanır.
Onlar elə zənn edirlər ki, falçıya getməklə işləri düzəlir və qabaqcadan nəyisə falçı vasitəsilə həll eləmək mümkün olur.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, cəmiyyətdə kifayət qədər insan var ki, istəyirlər heç bir əziyyət çəkmədən tez bir zamanda varlansınlar, asan yolla pul qazansınlar:
"Ona görə də falçılara müraciət edirlər. Falçılar da bu vəziyətdən məharətlə istifadə edib onların istək və arzularına uyğun cavablar verirlər. Beləliklə, onlarda bir inam yaranır. İkinci bir tərəfdən insanlar mediaya, televizyaya tez inanırlar, orda gördükləri daha təsirli olur. Qazananlar isə belə fırıldaqçı adamlar və onların reklamı ilə məşğul olanlar olur. Falçılıq yalnız insanları aldatmaqla pul qazanmağın bir yoludur".
Sevinc