Psixoloq olmaq üçün ideal yaş neçədir?

SOSİAL
13:25 / 03.09.2025
50

"Son dövrlərdə psixologiyaya olan marağın artması ilə bu sahəyə çox erkən yaşlardan daxil olan gənclərin sayı da artıb". 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

Lakin o bildirib ki, psixoloq olmaq sadəcə nəzəri bilik deyil, həm də dərin həyat təcrübəsi, emosional yetkinlik və insan psixikasına qarşı məsuliyyətli yanaşma tələb edən bir peşədir:

"Bəs psixoloq olmaq üçün ideal yaş varmı? Elmi və peşəkar baxımdan yanaşsaq, psixoloji praktika üçün yaşdan çox, şəxsi yetişkinlik və professional hazırlıq daha vacibdir. Ancaq yenə də bu sahədə ideal başlanğıc yaşını şərtləndirən bir sıra faktorlar var".

Ekspert həmin faktorlardan danışıb:

"Əvvəla, psixoloq kimi fəaliyyət göstərmək üçün ən azı bakalavr, daha idealı isə magistr səviyyəsində psixologiya təhsili şərtdir. Bu isə adətən 22-25 yaş arası tamamlanır. Bundan başqa, sadəcə təhsil kifayət etmir. Bu sahədə etik davranış qaydalarını, insanla münasibətdə peşəkar məsafəni qorumağı və psixoloji müdaxilənin sərhədlərini başa düşmək lazımdır.

Ümumiyyətlə, gənc yaşda psixoloq olan birinin öz emosional dünyasını, şəxsiyyətini kifayət qədər formalaşdırmaması, qarşı tərəfi başa düşmək və empati qurmaqda çətinlik yarada bilər. Bu səbəbdən də psixoloji praktika üçün 25 yaşdan sonra başlamaq daha etibarlı sayılır. İnsan bu dövrdə artıq öz şəxsiyyətini tanıyır, müəyyən həyat təcrübəsi qazanıb və həm nəzəri, həm də praktik biliklərlə insanlara real fayda verə bilir". 

381047

Psixoloq vurğulayıb ki, gənc yaşda bu sahəyə başlayanlar bəzən özlərini "məşhur psixoloq" kimi təqdim edirlər:

"Üstəlik, sosial şəbəkədə təcrübədən çox motivasiya dili ilə çıxış etmələri cəmiyyətdə çaşqınlıq yarada bilər. Psixoloji dəstək etik məsuliyyət tələb edir. Yanlış istiqamətləndirmə insanın psixikasında travmalar yarada bilər.

Bundan əlavə, çox vaxt pasiyentlər psixoloqun yaşına diqqət edir. Bu, bir növ "təcrübə" və "etibar" ölçüsü kimi qəbul olunur. 30 yaş və üzəri psixoloqlar adətən daha çox qəbul görür. Çünki insanlar həmin psixoloqa "o, artıq həyatın çətinliklərini görüb" düşüncəsi ilə daha çox güvənirlər".

Zəhra Zahidova fikirlərini belə yekunlaşdırıb:

"Ümumiyyətlə, psixoloq olmaq üçün "təqvim yaşı" deyil, emosional, sosial və peşəkar yetkinlik əsasdır. Lakin praktik psixologiya sahəsinə daxil olmaq üçün 25 yaş və sonrası daha sağlam və etibarlı başlanğıc hesab oluna bilər. Erkən yaşda isə daha çox özünü inkişaf etdirmək, müşahidə aparmaq, etik prinsipləri öyrənmək və təcrübə toplamaq tövsiyə olunur".

Pərviz
 

0