Laçında analar üçün milli dəyərlər və icma əlaqələri mövzularında təlimlər keçirildi - FOTO

SOSİAL
15:15 / 03.09.2025
68

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi “İşğaldan azad edilmiş ərazilərdə analarla iş” layihəsi çərçivəsində Laçında qadın və ailə yönümlü bir sıra təlimlər təşkil edib. 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə keçirilən  təlimlərin məqsədi post-münaqişə dövründə ailələrin, xüsusilə anaların psixoloji dayanıqlığını və sosial inteqrasiyasını gücləndirməkdir.

Təlimlər 31 avqustda Laçında "Seyrangah" adlandırılan ərazidə və Həkəri çayının sahilində, təbiət qoynunda keçirilərək başa vurulub. 

Birliyin rəhbəri Sevinc Fədainin verdiyi məlumata görə, təlim proqramında aşağıdakı mövzular əhatə olunub:

Post-münaqişə dövründə psixoloji dayanıqlıq və emosional dəstək. Analara və ailələrə travma sonrası emosional sabitliklərini möhkəmləndirmək üçün psixoloji dəstək və fərdi sessiyalar təqdim olunub. Uşaqların və anaların psixoloji ehtiyaclarını ödəmək məqsədilə art terapiya, oyun terapiyası və qrup məşğələləri keçirilib.

Sağlam ailə mühiti, milli dəyərlər və mənəvi inkişaf. Ailələrdə milli-mənəvi dəyərlərin təşviqi, uşaqların əxlaq prinsipləri ilə böyüməsini dəstəkləyən təlimlər və proqramlar həyata keçirilib. Eyni zamanda, uşaqlarda empati, paylaşma və mənəvi kimliyi formalaşdıran oyunlar, hekayələr və yaradıcı fəaliyyətlər təşkil olunub.

Ailə və icma əlaqələrinin gücləndirilməsi. Ailə ilə icma arasında sosial inteqrasiyanı təşviq edən tədbirlər və maarifləndirmə proqramları reallaşdırılıb. Bu tədbirlər ailə bağlarının möhkəmlənməsinə, icma daxilində sosial harmoniyanın artmasına xidmət edib.

Təlimləri peşəkar təlimçi heyəti -  psixoloq Sevda Alışova-Bəşirli, psixoloq-art terapevt Nərmin Şahverdiyeva, pedqoq-metodist Vüsalə Mustafayeva və pedaqoq-müəllim Gülmira Ələsgərova-Cəfərova həyata keçirib. 

Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara həm praktiki bacarıqlar qazandırıb, həm də psixoloji və sosial dayanıqlığın gücləndirilməsinə töhfə verib.

0