"Azərbaycanda, ümumiyyətlə, Şimal yarımkürəsində hazırda yay fəsli davam etdiyi üçün havalar isti keçir".
Bu sözləri "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, aydan-aya havanın hərarətində, temperaturunda dəyişiklik müşahidə olunur:
"Düzdür, bu il havalar bir qədər anomal keçdi. Daha dəqiq desək, iyun ayında hava sərin oldu. Lakin iyunun sərinliyi iyul ayında özünü göstərdi və hava anidən isindi. Avqust ayında havanın temperaturu yüksək olsa da, artıq enişə keçib. Yəni ayın ilk on günlüyündən sonra havada sərinlik hiss olunmağa başladı".
Ekspertin proqnozuna görə, sentyabr ayında havalar tədricən mülayimləşəcək:
"Artıq gecələr əvvələ nisbətən daha sərin keçir. Bu, əsasən Bakı və Abşeron yarımadasında müşahidə olunur. Mərkəzi Aran rayonlarımız istisna olmaqla, bütün bölgələrimizdə havalar sərin keçməyə başlayıb. Düzdür, Mərkəzi Aran bölgəsində də bəzən gecələr sərin külək əsir, amma əsasən havanın temperaturu yüksək olur".
Mütəxəssisin sözlərinə görə, yaxın həftələrdə paytaxda havanın temperaturunun 40 dərəcəni keçməsi gözlənilmir:
"Qarşıdakı günlərdə havanın temperaturu bir qədər də aşağı enəcək. Yenidən 40 dərəcə istilik ehtimalı isə sıfıra bərabərdir. Ən azından bunu Bakı və Abşeron yarımadasında müşahidə etməyəcəyik.
Sadəcə Mərkəzi Aranda istiliyin 40 dərəcəni keçmə ehtimalı ola bilər. Nəzərə almaq lazımdır ki, Naxçıvanda havanın temperaturu yüksək olur. Hətta bu yayda da dəfələrlə istilik 40 dərəcəni keçdi".
Qorxmaz İbrahimli sözlərini belə yekunlaşdırıb:
"Sentyabr ayı tədricən sərin keçəcək. Oktyabr ayında isə hava bir qədər isti, daha doğrusu mülayim ola bilər. Qarşıdakı günlərdə bəzi yerlərdə yağıntılar da gözlənilir".
Pərviz