Məktəblərdə tədrisin səmərəliliyini təmin edən əsas amillərdən biri dərs cədvəllərinin düzgün və ədalətli tərtib olunmasıdır.
Ancaq dərs hissə müdirləri bu prosesi Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalar əsasında deyil, şəxsi yanaşmalar və maraqlar üzərində qururlar.
Dərs cədvəlləri hansı prinsiplərə əsasən tərtib olunmalıdır və ümumiyyətlə “əsas” və “ikinci dərəcəli” fənlər bölgüsü nə dərəcədə doğrudur?
Təhsil eksperti Kamran Əsədov Hit.az-a şərhində bildirib ki, məktəblərdə tədrisin keyfiyyətini və səmərəliliyini müəyyən edən əsas amillərdən biri dərs cədvəllərinin düzgün və pedaqoji prinsiplərə uyğun tərtib edilməsidir. Təhsil prosesində şagirdlərin gün ərzində yüklənməsinin balanslaşdırılması, intellektual və yaradıcı fəaliyyətin növbələşdirilməsi onların öyrənmə qabiliyyətinə birbaşa təsir göstərir:
"Təəssüf ki, Azərbaycanda real vəziyyət fərqlidir. Çox zaman dərs hissə müdirləri cədvəlləri Elm və Təhsil Nazirliyinin təsdiqlədiyi qaydalara uyğun deyil, şəxsi yanaşma və maraqlar əsasında tərtib edirlər. Bu isə tədris prosesini pozur, bəzi fənlərin arxa plana keçirilməsinə səbəb olur.
“Ümumi təhsil haqqında” Qanunun 12-ci maddəsində göstərilir ki, ümumi təhsil dövlət təhsil standartları əsasında təşkil olunur və bütün fənlərin bərabər şəkildə tədrisi təmin edilməlidir. Amma bu norma praktikada kağız üzərində qalır, çünki məktəblərdə “əsas” və “ikinci dərəcəli” fənlər bölgüsü formalaşdırılıb.
Statistik müşahidələr göstərir ki, ikinövbəli məktəblərdə musiqi, texnologiya, təsviri incəsənət və fiziki tərbiyə dərslərinin 70 faizdən çoxu günün sonuna salınır. Bu, faktiki olaraq həmin fənlərin ya formal keçilməsi, ya da şagirdlərin iştirak etməməsi ilə nəticələnir. Halbuki, fiziki tərbiyə və incəsənət dərslərinin şagirdlərin psixoloji və intellektual inkişafında mühüm rolu var. Dünya Səhiyyə Təşkilatının 2022-ci il hesabatına görə məktəbyaşlı uşaqların 32 faizi kifayət qədər fiziki aktivlik göstərmir. Bu, gələcəkdə sağlamlıq problemlərinə səbəb olur. Digər tərəfdən UNESCO-nun araşdırmaları təsdiq edir ki, musiqi və incəsənət fənlərinə davamlı şəkildə qatılan şagirdlərin yaradıcılıq qabiliyyəti və sosial ünsiyyət bacarıqları ən azı 40 faiz daha yüksək inkişaf edir. Deməli, “ikinci dərəcəli” adlandırılan fənlərin kənara çəkilməsi uşaqların hərtərəfli inkişafına mane olur.
Müsbət tərəfi ondan ibarətdir ki, ölkə üzrə təsdiqlənmiş tədris planlarında bütün fənlər üçün kifayət qədər dərs saatı nəzərdə tutulur, dövlət hər bir fənni eyni dərəcədə vacib hesab edir. Amma mənfi tərəf daha genişdir. Praktikada məktəblər bu balansı qorumur, “əsas fənlər” – riyaziyyat, Azərbaycan dili, xarici dil və tarix – günün ilk saatlarına salınır, digər fənlər isə formal mövqedə qalır. Bu yanaşma təhsil qanunvericiliyinin pozulması ilə yanaşı, pedaqoji prinsiplərə də ziddir. Məktəb şagirdin yalnız test imtahanlarına hazırlanması üçün deyil, həm də sosial, bədii-estetik və fiziki inkişafı üçün nəzərdə tutulub.
Dünya təcrübəsi ilə müqayisə apardıqda vəziyyətin fərqli olduğu aydın görünür. Finlandiyada dərs cədvəlləri uşaqların psixoloji inkişafı nəzərə alınaraq hazırlanır, hər gün mütləq fiziki aktivlik dərsləri olur və bu, tədris prosesinin bərabərhüquqlu hissəsi sayılır. Almaniyada “Ganztagsschule” modelinə əsasən günün ortasında idman və yaradıcılıq dərsləri keçirilir ki, şagirdlər yalnız akademik yüklə məhdudlaşmasınlar. Estoniyada isə dərs cədvəllərinin formalaşdırılması zamanı “əsas” və “ikinci dərəcəli” bölgüsü yoxdur, hər fənnin şagirdin inkişafında bərabər rol oynadığı qəbul edilir. Azərbaycanda isə bu bölgü həm pedaqoji baxımdan yanlışdır, həm də uşaqları erkən yaşdan yalnız akademik yarışa yönləndirir.
Əgər bu yanaşma dəyişməsə, yaxın gələcəkdə şagirdlərin təhsil mühiti tamamilə balanssız olacaq. Yaradıcılıq, idman və texnologiya fənləri zəifləyəcək, məktəblər yalnız test nəticələrinə yönələcək. Bu, həm də əmək bazarında problemlər yaradacaq, çünki müasir dövrün tələbi yalnız akademik bilik deyil, yaradıcılıq, komandada işləmək və sosial bacarıqlardır.
Dəyişməli olan odur ki, Elm və Təhsil Nazirliyi dərs cədvəllərinin tərtibi ilə bağlı ciddi nəzarət mexanizmi yaratsın, hər il məktəblərdə monitorinqlər aparsın və ictimaiyyətə nəticələri açıqlasın. Nazirlik “əsas fənlər” anlayışının yanlış olduğunu açıq şəkildə bəyan etməli, bütün fənlərin bərabər əhəmiyyətini marifləndirmə kampaniyaları ilə izah etməlidir. Təəssüf ki, hazırda Nazirliyin nə planı, nə də bu istiqamətdə proqnozu var. Heç bir marifləndirmə işi aparılmır, ictimaiyyətlə müzakirələr təşkil olunmur. Bu boşluq səbəbindən məktəblərdə dərs cədvəlləri şəxsi yanaşmalar əsasında qurulur və nəticədə təhsilin səmərəliliyi kəskin şəkildə aşağı düşür.
Beləliklə, “əsas” və “ikinci dərəcəli” fənlər bölgüsü pedaqoji cəhətdən əsassızdır. Hər bir fənn şagirdin şəxsiyyətinin formalaşmasında xüsusi rol oynayır. Əgər dərs cədvəlləri pedaqoji prinsiplərə əsasən balanslaşdırılmazsa, Azərbaycan məktəbləri yalnız imtahana yönəlmiş, lakin yaradıcılıqdan və sağlam inkişafdan uzaq bir mühitə çevriləcək".
Sevinc