Qarşımızdakı insanın evlənmək üçün doğru seçim olduğunu necə bilək? - İZAH

SOSİAL
12:03 / 05.09.2025
43

"Qarşımızdakı şəxsin evlənmək üçün doğru seçim olduğu bilmək üçün bir neçə nüansa fikir vermək lazımdır". 

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hər münasibət bir-birindən fərqlənir:

"Münasibət zamanı olan mərhələlərdə insan dəyişə bilir. Məsələn, sevgililik zamanı qarşı tərəf 1-3-6 ay içərisində bəzən yüksək bir vədlər verib, sonra o vədləri yerinə yetirməyə bilir. Bəzən müddət 1 ilə qədər uzana da bilir. Yəni bu, insana görə dəyişir".

Psixoloq qarşımızdakı insan evlənmək üçün doğru seçim olduğunu bilməyin yollarından bəhs edib:

"İlk növbədə həmin insana diqqətlə fikir verməliyik. Qarşımızdakı insan necə biridir? Düşüncələri və maraq dairəsi necədir? Baxış bucaqlarınız uyğun gəlirmi? Onun ailəsindəki insanlar necədir? Bütün bu sualları düşünüb dəqiq cavablar vermək lazımdır. 

Bundan başqa, hansı məktəbi, kolleci və ya universiteti bitirib, bitirməməyi sənin üçün nə dərəcədə önəmlidir. Bəzi insanlar evlənəcəyi şəxsin mütləq ali təhsilli olmasını istəyir, bəziləri isə bunun fərq etmədiyini söyləyir. Yəni bunu da nəzərə almalıyıq".

381266

Ekspert qeyd edib ki, evlənəcəyimiz şəxs daima bizə dəstək olmalıdır:

"Məsələn, qarşınızdakı insan sizin karyerasınıza dəstək olacaqmı? İşlə bağlı bir-birinizə məsləhət verə və söhbət edə bilirsinizmi? O insan gələcək planlarınızı dəstəkləyirmi? Siz onunla dəstəkləyici yanaşmasından razısınızmı? Bu suallara da cavab vermək lazımdır. Yəni bir-birinizin yol yoldaşı, can yoldaşı olmağa razı olmalısınız".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bir-birinizə qarşı sevgi, diqqət və dəyər göstərməyə çox önəm verin:

"Əgər sevgiliniz sizə sevgi və diqqət göstərirsə evlənməyi düşünə bilərsiniz. O, sizə sevgi ilə yanaşmır, zəif tərəflərinizi qabardırsa, inanın ki, gələcəkdə bunu iki qat artığını edəcək. 

Amma yox, sizin zəif tərəflərinizi balanslamağa, sizi daha gözəl bir hala çevirməyə çalışırsa doğru seçimdir. Qarşı tərəf sizi sevib zəif tərəflərinizlə qəbul etməli və can yoldaşınız olmalıdır. Buna diqqət etməlisiniz. 

Bundan əlavə, sevginin olması yetmir. Sevgi ilə bərabər hörmət də mütləq şəkildə olmalıdır. O sevginin qarşılığında sizə hörmət göstərirmi? Yoxsa "sevirəm" deyib sevgi adı altında sizi incidirmi? Yəni sevgi adı altında incidilmə olmamalıdır. Hörmət və qarşılıqlı dəstək mütləq şəkildə olmalıdır". 

Nabat Mirzəyeva onu da əlavə edib ki, doğru seçim olan şəxsin münaqişə zamanı necə davrandığı da önəmlidir:

"Dava və münaqişə zamanı sizinlə necə davranır? Daha da alovlandırır və pis davranırmı? Yoxsa sizinlə bərabər oturub bunu çözməyə çalışır? Açıq fikirlidirmi? Yoxsa sizi yarı yolda qoyub özünü haqlı çıxarmağa meyllidirmi? Bütün bu sualların da cavabını vermək lazımdır. 

Əgər bir insan möhkəm münasibət qurmaq istəyirsə, doğru seçim etmək istəyər. Ona görə də qarşımızdakı insan bizi alçaldan deyil, ucaldan bir şəxs olmalıdır. Dava zamanı bizi incidən deyil, bizi dinləyib bir-birimizi anlayıb səhvlərimizi görüb bərabər şəkildə yoğrulan biri olmalıdır. Əsas olan öz içinə qapanan deyil, qarşısındakı insanla ünsiyyətə keçib bir-birini anlamaqdır".

Mütəxəssis sözlərini belə yekunlaşdırıb:

"Seçdiyiniz şəxs həm çətin, həm də xoş anlarınızda yanınızda olmalıdır. Əgər həyatınızdakı şəxs sizə saatlarla yazmır və zəng etmirsə, ondan uzaq durun. Lakin hər saat işi olsa belə, bir mesajla xəbər verir, halınızı soruşursa, qarşılıqlı hörməti göstərir deməkdir. Bu isə çox önəmlidir.

Bundan başqa, dedikləri ilə etdikləri üst-üstə düşürmü? Bəzi insanlar sadəcə vədlər verirlər, amma əməl etmirlər. Söz və əməl üst-üstə düşməlidir. Ümumiyyətlə, mükəmməl deyilən bir münasibət yoxdur. Lakin uyğun, hörmətli və qarşılıqlı hörmət deyilən münasibət var".

Pərviz

0