İlin sonunadək amnistiya gözlənilir?

SOSİAL
20:58 / 06.09.2025
62
Bu il Prezident İlham Əliyevin sərəncamı ilə 200-dən artıq məhkum edilmiş şəxs əfv edilib. Əfv sərəncamının imzalanması ərəfəsində ilin sonunadək amnistiya aktının da qəbul ediləcəyi barədə xəbərlər yayılmışdı.
 
Amnistiya əlamətdar hadisələr - dövlət müstəqilliyimizin bərpası, konstitusion islahatlar, suverenliyin möhkəmlənməsi, tarixi şəxsiyyətlərin yubileyləri və digər mühüm ictimai-siyasi hadisələrlə əlaqədar olaraq qəbul olunur. Amnistiyanın da Konstitusiya və Suverenlik ili münasibətilə qəbul ediləcəyi qeyd olunur.
 
Modern.az-a açıqlamasında "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, amnistiyanın məhz bu cür simvolik hadisələrlə bağlı qəbul edilməsi bu aktın həm dövlətçiliyimizin humanizm prinsipləri, həm də milli ənənələrimizə uyğun gəlir.
 
Onun sözlərinə görə, müstəqillik əldə edildikdən bu günə qədər Azərbaycanda ümumilikdə 12 amnistiya aktı qəbul edilib. Bu aktlar ümumilikdə 160 min nəfərə şamil olunub.
 
"Amnistiyanın mühüm xüsusiyyətlərindən biri odur ki, o, əhatə etdiyi maddələr üzrə şəxsləri ya cəza çəkməkdən azad edir, ya onların cəzasını azaldır və ya cinayət məsuliyyətindən azad edir. Təsadüfi deyil ki, bu ilin əvvəlində də Azərbaycanda amnistiya aktının qəbul edilməsi ilə bağlı bir sıra müzakirələr aparılıb. Eyni zamanda, mənim tərəfimdən də amnistiya aktının qəbul edilməsi istiqamətində təkliflər səsləndirilib.
 
Yaxın aylarda Milli Məclisin gündəliyinə daxil ola bilər
 
Ə.Nuriyev amnistiyanın nə vaxt qəbul oluna biləcəyi barədə suala belə cavab verib:
 
"Milli Məclisin yaz sessiyasının iclasında qeyd etdiyim məsələ müzakirə predmeti olub. Ənənəvi olaraq belə aktlar ilin əvvəlində və ya ortalarında gündəmə gətirilir. Düşünürəm ki, yaxın aylarda bu məsələ Milli Məclisin gündəliyinə daxil edilə bilər."
 
Kimlər amnistiyaya düşə bilər?
 
"Ənənəvi yanaşmaya əsasən, sosial həssas qruplara - azyaşlı övladı olan qadınlara, hamilə qadınlara, müəyyən yaş həddini keçmiş məhkumlara, sağlamlıq imkanları məhdud və əlilliyi olan şəxslərə, ağır xəstəliklərdən əziyyət çəkən məhkumlara şamil edilə bilər. Eyni zamanda, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərə də şamil olunması ehtimal edilir.
 
Cəzasının böyük hissəsini çəkmiş, davranışında islah olunma əlamətləri müşahidə edilən şəxslər də amnistiyadan yararlana bilərlər. Cəzasının bitməsinə bir il qalmış şəxslərə, yetkinlik yaşına çatmayan məhkumlara, şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə də şamil oluna bilər”.
 
Hüquqşünasın sözlərinə görə, bu dəfə daha geniş bir kateqoriyaya aid şəxslərin amnistiya aktına daxil edilməsi ehtimalı gözləniləndir:
 
"Ümid edirəm ki, bu dəfə cəmiyyətdə səslənən fikirləri də nəzərə alaraq qəbul ediləcək Amnistiya Aktı daha geniş və əhatəli olacaq.
 
Hazırda cəzaçəkmə müəssisələrində müəyyən sıxlıq mövcuddur və bu, idarəetmə baxımından da çətinliklər yaradır. Amnistiya aktı həmçinin bu yükün azaldılmasına xidmət edə bilər. Dünyanın bir çox ölkələrində də bu cür yanaşmalar mövcuddur”.
 
Əliməmməd Nuriyev vurğulayıb ki, elə cinayətlər var ki, onlara amnistiyanın şamil edilməsi ehtimalı yoxdur:
 
"Bu, xüsusilə ağır cinayətlər - terrorçuluq, dövlətə qarşı cinayətlər və digər ağır kateqoriyalı əməllərlə bağlıdır. Bu da hüquqi və ictimai ədalət prinsipindən irəli gələn bir yanaşmadır.
 
Amnistiya aktının qəbul edilməsi təkcə azadlığa buraxılan şəxslərin sayı ilə ölçülmür. Bu, eyni zamanda dövlətin humanizm siyasətinin təsdiqi, penitensiar sistemin yüngülləşdirilməsi, məhkumların sosial inteqrasiyası baxımından da mühüm əhəmiyyət kəsb edir. Amnistiya həm də dövlətin gücünün və cəmiyyətdə əmin-amanlıq mühitinin rəmzi kimi çıxış edir. Yalnız güclü dövlətlər belə humanist addımlar ata bilərlər.
 
Düşünürəm ki, yaxın dövrdə - xüsusilə "Konstitusiya və Suverenlik İli” çərçivəsində - yeni bir amnistiya aktının qəbul olunması ehtimalı yüksəkdir. Bu addım həm dövlətin humanist siyasətinin bir daha ifadəsi olacaq, həm də cəmiyyətə verilən önəmli bir ismarıc kimi dəyərləndiriləcək”.
 
Yekun olaraq o qeyd edib ki, belə bir mühüm hadisə ərəfəsində cəmiyyətdə formalaşan gözləntilər tamamilə təbiidir və buna normal yanaşmaq lazımdır.
 
"Əlbəttə, bu qərar Milli Məclisin səlahiyyətində olan məsələdir və deputatların iradəsindən asılı olaraq qəbul edilə bilər”,- deyə Ə.Nuriyev bildirib.
0