Uğursuzluq nəticə deyil - “Abituriyentlər hədəflərinə ikinci dəfə cəhd edə bilər”

SOSİAL
21:57 / 06.09.2025
50

Bu il bir çox universitetə hazırlaşan abituriyent qəbul ola bilmədi. Kimisi yüksək balla arzusuna çata bilmədi, kimisi isə aşağı nəticə ilə. Onlar arasında motivasiyasını qoruyub imtahanlara yenidən hazırlaşmaq istəyənlər var, amma bunu bütün abituriyentlərə şamil etmək olmaz. Çünki oğlanların bir hissəsi hərbi xidmətə yollanacaq, bəzi qız abituriyentlər isə əvvəlki gücünü özündə tapmadığından yenidən hazırlaşmaq istəmir.

Bəs bu abituriyentlər yenidən hazırlaşmaq üçün nədən motivasiya almalıdır?

Mövzu ilə bağlı AzEdu.az-a elm və təhsil eksperti Səbuhi Abdullayev danışıb.

Ekspert bildirib ki, 500-600-dən yuxarı bal toplayan bəzi abituriyentlər doğrudan da çox iddialı idilər:

"Doğrudan da bəzi yüksək bal toplayan abituriyentlərimiz tələbə adını qazana bilmədi. Bunu bəzən “ixtisas seçimini düzgün etməmək”, kimi izah edirlər. Amma mən birbaşa şahid olmuşam ki, 500-600-dən yuxarı bal toplayan bəzi abituriyentlər konkret olaraq tibb və hüquq ixtisaslarını seçirdilər və yalnız həmin sahələrdə oxumaq istəyirdilər. Mən bu yanaşmanı bir mənada düzgün hesab edirəm. Çünki abituriyent konkret olaraq hansı ixtisası istəyirsə, yalnız onu seçmək hüququna sahibdir. Bu, kifayət qədər iddialı bir addımdır.

Ötən ildən yüksək bal toplasa da qəbul ola bilməyən, lakin bu il yenidən hazırlaşıb daha yüksək nəticə göstərərək istədiyi ixtisasa qəbul olan çoxlu abituriyent gördüm".

Siz bu işin öhdəsindən gələ bilərsiniz:

"Buna görə də bu kimi yüksək bal toplayıb növbəti il yenidən imtahana hazırlaşmaq istəyən abituriyentlərə xüsusi olaraq demək istəyirəm ki, bu, mümkündür. Siz bu işin öhdəsindən gələ bilərsiniz. Elə bu davranışınız sübut edir ki, siz istədiyiniz ixtisası oxumağa qadirsiniz. Bu yanaşma gələcəkdə daha perspektivli mütəxəssislərin formalaşmasına səbəb olacaq.

Digər tərəfdən, aşağı bal toplayan abituriyentlərimiz də var. Təbii ki, bunun bir çox səbəbləri mövcuddur: yaxşı hazırlaşa bilməmək, hazırlığa lazımi diqqət ayırmamaq, laqeyd yanaşmaq və s. Amma bu abituriyentlər də növbəti il daha ciddi hazırlaşmaqla yüksək bal toplaya bilərlər. Bu, onların qarşısında açıq bir yoldur".

Hər bir abituriyent planlı və məqsədyönlü hazırlaşmalıdır:

"Oğlanların bəziləri hələ yaş baxımından hərbi xidmətə çağırılmır. Onlar bu fürsətdən istifadə edib ciddi və planlı şəkildə hazırlaşmalıdırlar. Hərbi xidmətə gedənlər isə Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirib, daha yetkin, məsuliyyətli və düşüncəli şəkildə geri dönərək hazırlaşmalıdırlar. Onlar valideynin zəhmətinin qədrini bilməli, nəticə etibarilə ali təhsil müəssisələrinə və ya peşə məktəblərinə qəbul olub peşə sahibi ola bilərlər.

Düşünürəm ki, bütün bunları nəzərə alaraq, hər bir abituriyent topladığı baldan və mövqeyindən asılı olmayaraq öz iddialarına uyğun şəkildə planlı və məqsədyönlü hazırlaşmalıdır. Çünki həyat hələ onların qarşısındadır. Seçdikləri ixtisas və ya peşə istəklərinə uyğun olmalı, gələcəkdə ölkəmizə həmin peşələr vasitəsilə fayda verməlidirlər".

0