Psixoloq özünü psixoloji yükdən necə qoruyur?

SOSİAL
13:18 / 08.09.2025
59

"İnsanlar çox zaman psixoloqların güclü olduqlarını düşünürlər". 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hər gün onlarla insanın iç dünyasına toxunmaq, bəzən illərlə gizlənmiş travmalarla qarşılaşmaq, həssas həyat hekayələrini dinləmək və bütün bunlara baxmayaraq sabit qalmaq, təmkinli davranmaq olduqca çətindir:

"Lakin əslində psixoloqlar da hiss edən, yorulan, bəzən ruhən ağırlaşan insanlardırlar. Onları digərlərindən fərqləndirən isə bu yüklə necə davranmağı bilmələridir. Ümumiyyətlə, psixoloq olmaq yalnız başqalarını anlamaq deyil, özünü də davamlı şəkildə tanımaq, izləmək və qorumaq prosesidir. 

Psixoloq başqasının ağrısını empati ilə dinləyərkən, onunla birgə batmaq deyil, onu o qaranlıqdan çıxarmağa yardım etmək üçün özü sağlam dayanmağı bacarmalıdır. Bu isə sadəcə peşəkar biliklə deyil, özünə qarşı qayğı və diqqətlə mümkündür". 

381390

Ekspert qeyd edib ki, psixoloqların da bəzən sakitliyə, dəstəyə və dincəlməyə ehtiyacı olur:

"Güclü olmaq hər şeyi təkbaşına daşımaq deyil, lazım olduqda dayana bilmək və nəfəs almağı bacarmaqdır. Çünki başqasına kömək etmək üçün insanın əvvəlcə öz içində sabitliyi olmalıdır. Bu sabitlik isə boşluqda yaranmır. Psixoloqlar da zaman-zaman öz terapevtlərinə müraciət edirlər. 

Özlərini tanımaq, yükləndiklərini hiss etdikləri anda tənzimlənmək, emosional balanslarını qorumaq üçün bu zəruri prosesdir. Bəzən təkcə pasiyentin deyil, psixoloqun da danışmağa ehtiyacı olur. Bu ehtiyac heç də zəiflik deyil əksinə, gücünü tanımaq deməkdir". 

Zəhra Zahidova vurğulayıb ki, psixoloqlar bir-biriləri ilə kollegial müzakirələr edərək, peşəkar superviziyalardan keçərək həm inkişaf edir, həm də yığılmış emosional ağırlıqları paylaşırlar:

"Onlar üçün sərhəd saxlamaq peşə və şəxsi həyatı bir-birinə qarışdırmamaq, işi işdə buraxmaq önəmlidir. Əgər bu sərhədlər pozularsa, zamanla onların da içində tükənmişlik, ruh boşluğu və emosional yorğunluq yarana bilər. 

Bəzən insanlar "psixoloq bu qədər danışıb dinlədikdən sonra necə dolmur?" deyə düşünür. Əgər psixoloq özünü tanıyır, nə zaman dayanmalı, susmalı və danışmalı olduğunu bilir. Ən əsası, özünə qayğı göstərirsə bu yük onu əzməz. Əksinə, başqasına işıq ola bilmək üçün içindəki enerjini daim qoruyar".

Pərviz

0