Azərbaycanda rektorlar hansı universitetlərdə təhsil alıb? - SİYAHI

SOSİAL
15:15 / 09.09.2025
79

Hər rektorun arxasında yalnız bir vəzifə deyil, həm də zəngin bir akademik səyahət dayanır. Universitet illəri insanın dünyagörüşünü formalaşdırır, gələcək lideri yaradır.

Maraqlıdır, bu gün ölkəmizin ali təhsil müəssisələrini idarə edən rektorlar tələbə vaxtı hansı universitetlərin sinif otaqlarında bilik qazanıblar?

AzEdu.az rektorların akademik həyata başladıqları ali təhsil müəssisələrini araşdırıb. 

ADA Universitetinin rektoru Hafiz Paşayev yoluna Bakı Dövlət Universitetində başlayıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Bakı Dövlət Universitetinin Coğrafiya və Hüquq fakültəsində təhsil almış və fərqlənmə diplomu ilə məzun olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov təhsilini Taras Şevçenko adına Kiyev Milli Universitetində alıb.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin tələbəsi olub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova hazırda rektoru olduğu universitetdə, yəni Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov tələbəlik illərini Moskva Dövlət Universitetinin Kimya fakültəsində keçirib.

Naxçıvan Dövlət Universitetinin rəhbəri Elbrus İsayev doğma universitetində, yəni Naxçıvan Dövlət Universitetində təhsilini tamamlayıb.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov həm Azərbaycan Dövlət İqtisad Universiteti, həm də Türkiyənin Egey Universiteti və Dokuz Eylül Universitetində təhsil alıb.

Sumqayıt Dövlət Universitetinin rəhbəri Əminağa Sadıqov Dnepr Milli Universitetində təhsil alıb.

Bakı Biznes Universitetinin rektoru İbad Abbasov Azərbaycan Dövlət İqtisad Universitetində oxuyub.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetində təhsil alıb.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru Cəfər Cəfərov həm Bakı Dövlət Universiteti, həm də Moskva Dövlət Universitetində akademik biliklərini dərinləşdirmişdir.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva həm Azərbaycan Dillər Universiteti, həm də Azərbaycan Universitetində tələbə olub.

Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov təhsilini Bakı Dövlət Universitetinin Tarix fakültəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Beynəlxalq Hellenic Universitetdə alıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov həm Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti), həm də SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunda akademik biliklərini inkişaf etdirmişdir.

Yazıdan da göründüyü kimi, bəzi rektorlar öz rəhbərlik etdikləri universitetdə təhsil alıblar. Bunlara Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva daxildir.

0