"Son zamanlarda bəzi cütlüklər evləndikləri il, bəziləri isə bir neçə il sonra uşaq sahibi olmaq istəyirlər".
Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən danışıb:
"Hətta uşaq sahibi olmaq istəməyən cütlüklər də var. Çox zaman gec uşaq sahibi olmaq istəyənlər təzyiq altında qalmırlar, yəni bunu seçim olaraq edirlər. Çünki bir neçə müddətlik öz həyatlarına baxıb zaman keçirtmək istəyirlər. Bəzən isə səbəb məsuliyyətdən qaçmaq olur. Valideyn olduqdan sonra o uşağı maddi-mənəvi necə təmin edəcəkləri barədə düşündüklərinə görə qaçırlar".
Ekspert qeyd edib ki, bəzi cütlüklər maliyyə cəhətdən müəyyən səviyyəyə gəldikdən sonra uşaq sahibi olmağa qərar verirlər:
"Bundan əlavə uşaqla necə davranacaqlarını bilmədiklərinə görə də gec övlad sahibi olmaq istəyirlər. Bu halı əsasən ailəsindən ağır travma alan şəxslərdə müşahidə etmək mümkündür.
Məsələn, kimsə valideynləri tərəfindən həm fiziki, həm də psixoloji olaraq şiddətə məruz qalıb və bundan əziyyət çəkibsə, artıq böyüdükdə uşaq sahibi olmaqdan çəkinir. Həmin şəxs gələcəkdə özünün də övladına şiddət göstərəcəyindən ehtiyat edir. Təbii ki, başqa da bir çox səbəb var. Əslində, bu qərarın səbəbləri şəxslərə görə dəyişir".
Mütəxəssis onu da əlavə edib ki, bəzi cütlüklər isə hazır olmasalar belə uşaq sahibi olmaq istəyirlər:
"Burada cütlüklər hazır olan və hazır olmayan olaraq iki yerə ayırmaq lazımdır. Çünki bəzən cütlüklər ailə həyatı qurduqdan bir neçə ay sonra qohumlar uşağın olub-olmadığını maraqlanırlar. Əlbəttə ki, bu da doğru deyil.
Məhz buna görə də valideynləri, qohum-əqrabanı razı salmaq üçün qısa zamanda uşaq dünyaya gətirən cütlüklər var. Amma burada bir məsələ çox zaman unudulur. Əslində, evləndikləri üçün uşaq dünyaya gətirmək lazım deyil. Çünki uşaq sahibi olmaq məsuliyyət tələb edir. O uşaq üçün bir ailə formalaşdırmağı dərk etmək lazımdır. Uşaq böyütmək sadəcə qarnını tox saxlamaq demək deyil. Həmin uşaq hər tərəfli doymalıdır".
Aydan Məmmədova fikirlərini belə yekunlaşdırıb:
"Cütlüklər sadəcə özləri hazır hiss etdikləri zaman uşaq sahibi olmalıdırlar. Gənclərə tövsiyə edirəm ki, uşaq sahibi olmadan əvvəl araşdırma etsinlər və mütəxəssis yardımı alsınlar.
Çünki bəzən uşaq dünyaya gətirdikdən sonra onu böyütməyi öyrənirlər. Halbuki hər iki valideyn əvvəlcədən uşağın böyüdülmə qaydasını öyrənməlidir. Bunun üçün kitab mütaliə etmək, təlim və ya proqramlara qatılmaq lazımdır".
Pərviz