Sentyabr ayı kirayə mənzil bazarının aktivləşdiyi dövrdür.
Yeni tədris ili başladığından, regionlardan paytaxta oxumağa gələn tələbələr kirayə mənzillərdə yerləşməli olurlar.
Bu səbəbdən kirayə mənzil bazarında tələbat yüksəlir,qiymət bahalaşır. Hazırda şəhər kirayə elanları ilə olub-daşır.
Ənənəvi olaraq "yalnız qızlar üçün" başlıqlı elanlarla isə çox qarşılaşırıq. Bu gün bir çox ev sahibləri evini ancaq qızlara, o cümlədən tələbə qızlara kirayə vermək istəyir.
Ancaq ev yiyələri mənzillərini oğlnlara vermək istəmir. Əks cinsin nümayəndəsi kirayə mənzil üçün müraciət etsə ona qəti şəkildə "yox" cavabını verirlər.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, ev sahiblərinin əksəriyyəti evlərini oğlan tələbələrə etibar etmək istəmir:
“Hazırda Bakıda müşahidə edilən ciddi problemlərdə biri də oğlan tələbələrə ev verilməməsidir. Bu, çox vaxt həmin mənzildən istifadənin keyfiyyətsizliyi baxımından baş verir. Çünki, qız uşaqları evdən daha səliqəli istifadə edirlər. Oğlanlar isə bu istiqamətdə xeyli çətinliklərlə üzləşirlər. Təbii ki, mentalitet məsələlərinin də rolu böyükdür. Bəzən ailələr öz həyətlərində olan mənzilləri kirayə verir və istəmirlər ki, burada yad adamlar, xüsusilə də oğlan uşaqları yaşasınlar. Bəzi ailələr evdəki bir otağı kirayə verirlər. Bu, daha çox qızlara əlverişli şərait yaradır. Oğlanlar üçün imkanlar məhdudlaşır. Buna görə də bir sıra proyektlərin həyata keçirilməsinə ehtiyac yaranıb. Belə layihələri həyata keçirərkən oğlan tələbələrin yerləşdirilməsinə fokuslanmaq lazımdır. Bu, onların tərbiyəsi ilə bağlı cəmiyyətdə neqativ halların formalaşmasının da qarşısını alar".
Sevinc