Azərbaycanlı tələbələrin ən çox üz tutduğu ölkələr hansılardır?

SOSİAL
23:50 / 17.09.2025
36

Azərbaycanlı gənclərin xaricdə təhsil üçün əsas istiqamətləri arasında Türkiyə ilk sırada yer alır.

Təhsil eksperti Rizvan Fikrətoğlu BAKU.WS-ə açıqlamasında bildirib ki, 2024–2025-ci illər ərzində dövlət proqramı çərçivəsində 478 nəfər tələbə Türkiyəyə göndərilib.

Ekspertin sözlərinə görə, dövlət xətti ilə təhsil alan tələbələrin seçdiyi ikinci ölkə Macarıstandır. Hazırda bu ölkədə 321 nəfər azərbaycanlı tələbə dövlət hesabına təhsil alır. Siyahıda növbəti yerdə isə Rusiya qərarlaşıb. 2024–2025-ci illərdə Rusiyada 198 nəfər azərbaycanlı tələbə təhsil almaq hüququ əldə edib.

Rizvan Fikrətoğlu qeyd edib ki, son dövrlər Çinə maraq artsa da, bu istiqamət hələlik Türkiyə və Macarıstanla müqayisədə daha az tələbə cəlb edir:

"Xüsusən viza məsələlərinin sadələşdirilməsi Çinə diqqəti artırır. Amma tələbələrin böyük əksəriyyəti daha çox Türkiyə, Macarıstan və Avropa ölkələrini seçir. Ukraynaya isə əvvəllər kifayət qədər tələbə gedirdisə, müharibə səbəbindən bu göstərici kəskin azalıb".

Ekspert vurğulayıb ki, Avropa ölkələrinə üz tutanların çoxu magistr təhsili üçün bu istiqaməti seçir. Burada əsas səbəblərdən biri həmin ölkələrin universitet diplomlarının beynəlxalq tanınması, digər səbəb isə tələbələrin yaxınlarının həmin ölkələrdə yaşamasıdır.

"Avropada təhsil alan tələbələr həm təhsilin keyfiyyətinə, həm də gələcəkdə diplomlarının iş bazarında rəqabət üstünlüyü yaratmasına görə bu istiqaməti üstün tuturlar. Bu gün valideynlər də övladlarının daha çox beynəlxalq mühitdə formalaşmasını, bir neçə dil bilməsini və geniş imkanlara sahib olmasını istəyirlər", – deyə ekspert əlavə edib.

Onun fikrincə, Azərbaycanlı tələbələrin xaricdə təhsil istiqamətləri hər il dəyişsə də, Türkiyə həm dil, həm mədəniyyət yaxınlığı, həm də münasib təhsil xərclərinə görə hələ uzun müddət ən populyar ölkə olaraq qalacaq.

0