Payız romantik duyğuların oyandığı, xatirələrin yada düşdüyü fəsildir.
İlin bu fəsli kimlərdəsə depressiya, tənhalıq, tükənmə dövrüdür.
Payızın gəlişi bir sıra hallarda əhval-ruhiyyənin pisləşməsi, süstlük və iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur.
Bəzən elə həmin hisslərin təsiri nəticəsində payız depressiyası yaranır.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, payız fəslində bəzi insanlarda həssaslaşma, hətta depressiv hallar da baş verir:
"Bu hal fiziki passivliyi olanlar, oturaq iş şəraitində işləyənlər, daha çox intellektual əmək sərf edənlərdə müşahidə olunur. Qəm-qüssə, heç nəyə marağın olmaması, yuxusuzluq və ya yuxululuq, konsentrasiya və ya diqqətin pozulması, xarakterin dəyişməsi, əsəbilik, oyanıqlıq, tez qıcıqlanma, cinsi qabiliyyətin aşağı düşməsi, iştahanın dəyişməsi-artması və ya olmaması və suisidal fikirlər payız depressiyasının əlamətləri hesab olunur. Gecələr uzandıqca, gündüzlər qısaldıqca onlar yatmağa daha çox meyilli olurlar. Tez oyanmaq, işə tez başlamaq onlarda həyəcan yaradır, hansısa işin dalınca getməyə həvəsli olmur və hər şeydən soyuyurlar.
Bundan başqa, hava dəyişikliyi də depressiyaya şərait yaradır. Havalar sərinləşdikcə müəyyən xəstəliklər meydana gəlir. Həmçinin yaşla əlaqədar depressiyaya da düşmək olur".
Sevinc