"Həm psixoloji sağlamlıq, həm də fiziki sağlamlıq olduqca önəmlidir".
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O, bunların əhəmiyyətindən danışıb:
"Həyatımızın ən önəmli hissələrindən biri fiziki sağlamlıqdır. Psixoloji sağlamlıq isə ondan bir qədər üstündür. Çünki psixoloji sağlamlığın var olması onu fiziki sağlamlığa gətirib çıxardır. Psixoloji olaraq sağlam olduğumuz zaman həyatda istədiklərimizə və arzularımıza, xəyallarımıza doğru daha da əzmlə adımlayırıq. Fiziki sağlamlığımız nə qədər olursa-olsun, psixoloji olaraq gərgin, depressiv və stresli bir mərhələdən keçiriksə, bu, bizim ümumilikdə fiziki sağlamlığımıza mənfi təsir göstərir".
Ekspert qeyd edib ki, psixologiyamızda ağırlaşmaların baş verməsi fiziki problemlərə gətirib çıxarır:
"Yəni psixoloji olaraq gərginləşmələrimiz, depressiyalarımız və panik ataqlarımıza rəğmən, sakit qalmağa çalışırıqsa da, daxilimizdə baş verən üsyanlar, beynimizdəki mübarizələr fiziki sağlamlığımıza özünü biruzə verməyə başlayacaq. Çünki psixoloji və fiziki halımız hər ikisi bir-birinə vəhdət təşkil edir. Nəzərə alın ki, canımız ağrıdığı zaman psixoloji olaraq da gərginləşirik. Canı ağrayan insanın psixoloji olaraq da özünü gərgin hiss etməməsi və stress yaşamaması qeyri-mümkündür".
Mütəxəssisin sözlərinə görə, fiziki və psixoloji sağlamlıq bir-birilə çox yüksək səviyyədə vəhdət təşkil edir:
"Ancaq fiziki sağlamlığımız yerindədirsə, psixoloji sağlamlığımız yerində deyilsə, həmin an olmasa da, bir müddətdən sonra mütləq dərəcədə psixoloji yaşadığımız ağrılar bədənimizə də fiziki olaraq təsir göstərməyə başlayacaq. Bu, immunitetin aşağı düşməsi və ya hansısa ağrı kimi özünü göstərə bilər.
Psixoloji olaraq ağır mərhələlərdən, stressli, depressiv və mübarizəli proseslərdən keçiriksə, bu immunitetimizin çökməsinə, qan dövranımızın pozulmasına, ürək döyüntülərimizin normadan artıq olmasına və baş ağrılarımızın yaranmasına səbəb olur. Bəzi insanlar var ki, stressdən bədənləri reaksiya verir, allergiya olmağa başlayırlar, üzləri və qolları qaşınır. Yəni hər bir şey psixoloji olaraq bizim beynimizdə yatır".
Həmsöhbətimiz diqqətə çatdırıb ki, insan psixoloji olaraq çökdüyü zaman xroniki xəstəliklərə, sosial cəmiyyətdən təcridlərə, özünə qapanmalara, başqalarından uzaq durmağa başlayır:
"Üz cizgilərində çökmələr və gözlərin altı qaralmalar yaranır. Ümumiyyətlə, psixoloji olaraq çökmək fiziki ağrılara gətirib çıxardır. Ancaq biz psixoloji olaraq özümüzü balansda saxlasaq, canımız ağrıdığı anda özümüzə dəstək olmağı bacarsaq, fiziki ağrılarımızı da aşa bilirik.
Əksinə, fiziki ağrılarımız olanda "mən bacarmayacağam, mən edə bilməyəcəm, mən yaxşı olmayacağam" deyərək yaşayacağıqsa, sözsüz ki, psixoloji olaraq və fiziki olaraq daha da ağırlaşmalarla üz-üzə qalacağıq".
Nabat Mirzəyeva vurğulayıb ki, ona görə də hər ikisini mütləq şəkildə qorumalıyıq:
"Bunu da qorumaq üçün sevdiyimiz məşğuliyyətlərlə zaman ayırlmalıyıq. Beynimizi rahat saxlamalı və bizə neqativ, ağır təsir edən insanları həyatımızdan uzaq tutmalıyıq. Davalardan, savaşlardan və ağır mübarizələrdən uzaq durmalıyıq.
Özümüzü inkişaf etdirən faktorlara, yaşanmışlıqlara və doğru mübarizələrə sevə-sevə addımlamalıyıq. Unutmayın ki, balansı qoruduğumuz anda həyatda çox şey əldə edirik, nəinki də uduzuruq, əksinə, uduruq".
Pərviz