Narahatlıq və panik atakla necə mübarizə edək? - Psixoloq rəyi

SOSİAL
09:55 / 26.09.2025
65

"Narahatlıq və panik atakla mübarizə aparmağın bir neçə yolu var". 

Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hər kəs narahatlıq və panik atak problemi ilə qarşılaşa bilər:

"Bunun yaşanması hər şəxsdə situasiyadan asılı olaraq dəyişir. Lakin bunları davamlı olaraq yaşayan insanlar da var. Təbii ki, bu da onlarda daimi narahatlığa gətirib çıxarır. Davamlı panik atak yaşayan insanlar depressiyaya düşə, motivasiyaları azala və hətta həyat eşqləri məhv ola bilər".

Ekspert tez-tez panik atak yaşayan şəxslərin ata biləcəyi addımlardan danışıb:

"Burada əsas vazkeçilməzimiz nəfəs alma texnikası və duyğularımızı tanımaqdır. Məsələn, 4-ə qədər sayaraq 4 dəfə nəfəs almaq lazımdır. Daha sonra 4 saniyə aldığı nəfəsi tutmalı və 6 saniyə ərzində də həmin nəfəsi şar kimi boşaltmalıdır. Nəfəs burundan alınıb, ağızdan buraxılmalıdır. 

Ardınca isə duyğularımızı tanıma metoduna keçid edək. İlk növbədə ətrafda gördüyümüz 5 ədəd əşyanı sayırıq. Daha sonra 4 eşitdiyimiz səsə fokuslanırıq. Eyni zamanda, 3 ədəd də əşyaya toxunuruq. Bundan başqa, ətrafımızdan 2 qoxu almalıyıq. Son olaraq isə nəyisə dadmalıyıq. Ağızdan tam olaraq nə dad gəlirsə onu analiz etməyə çalışmalıyıq". 

382669

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bunların əsas məqsədi ani olaraq həmin situasiyadan uzaqlaşmağı bacarmaqdır:

"Bu da diqqət dağınıqlığına gətirib çıxarır. Yəni bu minus cəhət deyil. Panik atak vəziyyətində olan insan daim “mənə nəsə olacaq”, “öləcəm”, “ürəyim dayanacaq” və ya “nəfəsim çatmır” kimi düşüncələrdə olur. Bu düşüncələrdən uzaqlaşmaq üçün dediyim metodlar kifayət edir. 

Bundan əlavə, insan özü-özünə təskinlik verməlidir. Məsələn, bir insan hər hansısa pis hadisə baş verəndə “hər şey qaydasına düşəcək” dediyi kimi panik atak vəziyyətində də “hər şey yaxşı olacaq, mən bunun da öhdəsindən gələcəm” deməyi bacarmalıdır. Bu sadaladıqlarımın hər biri qısamüddətli terapiyadır. Amma uzunmüddətli terapiya üçün artıq burada psixoloq və ya psixiatrdan dəstək almaq mütləq şəkildə vacibdir". 

Mütəxəssisin sözlərinə görə, psixoterapiya növlərindən, şüuraltı və müəyyən psixoloji terapiyaların nəticəsində həmin insanları uzunmüddətli şəkildə müalicə etmək mümkündür:

"Bu insanlar ən azından 12 seansa gəlməlidirlər. Çünki belə şəxslərin müalicəsi üçün minimum 12 seans lazımdır. Bunlar psixoloqun edə biləcəyi yardımlardır. 

Amma psixoloqa gedə bilməyən insanlar üçün də metodlar var. Bunun üçün yuxu və qidalanma rejiminə diqqət etmək lazımdır. Eyni saatda yatıb, eyni saatda durmaq üçün özünə qrafik qurmalı və disiplinli olmalıdır. Panik atak problemi yaşayan şəxslər fiziki fəaliyyətlərinə diqqət etməli və daim gəzintilər etməlidirlər".

Aydan Məmmədova vurğulayıb ki, panik atak və narahatlıq sinir sistemindən qaynaqlanır:

"Ona görə də sinir sistemimizi sakitləşdirmək üçün müəyyən aktiv davranışlara sahib olmalıyıq. Həmçinin meditasiya və yoqa ilə məşğul olmaq müsbətdir. 

Sinir sistemimizi bərpa etmək üçün zərərli içkilərdən, qidalardan və bizə ziyan verən hadisələrdən uzaq durmağa çalışmalıyıq. Həmçinin, stressli iş mühitindən də uzaqlaşmaq lazımdır. Təbii ki, bəzən insanların maddi ehtiyacı buna imkan vermir. Amma insan öz daxili potensialına və gücünə inandıqdan sonra əldə edə bilməyəcəyi heç nə yoxdur. Bunun fərqində olmalıyıq. 

Unutmayın, panik atak qorxulu və ya sağalmayacaq bir xəstəlik deyil. Hətta mən bunu “xəstəlik” də adlandırmazdım. Bu, sağala bilən psixoloji problemdir. Sadəcə düşüncədən yaranır və düşüncə ilə də sağaldıla bilər".

Pərviz

0