Açıq havada satılan meyvə-tərəvəzə yağışın ŞOK TƏSİRLƏRİ

SOSİAL
11:25 / 30.09.2025
55

"Küçələrdə meyvə-tərəvəz satışının nəzarətsiz şəkildə həyata keçirilməsi insanların sağlamlığı üçün təhlükəlidir". 

Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, onların satdıqları məhsulların hansısa sənədi və ya aktı olmur:

"Biz bunun təhlükələri barədə dəfələrlə danışırıq, amma insanlar öz sağlamlıqlarına laqeyd yanaşırlar. Təəssüflər olsun ki, sanki alıcılar öz sağlamlıqlarının qeydinə qalmaq əvəzinə, həmin o qeyri-qanuni fəaliyyətlə məşğul olan, hansısa qurumdan, nəzarətdən, qeydiyyatdan keçmədən fəaliyyət göstərənlərin ticarətini inkişaf etdirməkdə maraqlıdırlar. Burada söhbət müştərilərdən, istehlakçılardan gedir. Sanki onları varlandırmağa xidmət edirlər, amma öz sağlamlıqları kölgədə qalır". 

382964

Ekspert qeyd edib ki, açıq havada satılan bütün qida məhsulları təhlükəlidir:

"Hər bir məhsulun, istər meyvə-tərəvəz, istərsə ət və ət məhsullarının satışı normal şəkildə, gigiyenik, sanitar qaydalara uyğun olaraq həyata keçirilməlidir.

Hesab edirəm ki, bu satış məsələlərində bir nəzarət mexanizmi olmalıdır. Amma bugünkü küçə satışında heç bir nəzarət mexanizmi yoxdur. Bu günləri nəzarət mexanizmi olmayan yerlərdə isə istənilən xəstəliyin yoluxması, insanların sağlamlıqlarının risk altına atılması qaçılmazdır. Yəni bu, çox böyük riskdir. 

Məsələn, bu gün yol kənarlarında, toz-torpağın içində, heç bir təmizliyə və sanitar qaydalara uyğun olmayan meyvə-tərəvəzdən danışırıq. Təbii ki, onların soyuducu sistemi olmayan yerlərdə saxlanılması və satılan insan sağlamlığına hansısa fayda verə bilməz". 

Mütəxəssisin sözlərinə görə, burada ancaq insan sağlamlığına ziyanlardan danışmaq olar:

"Küçələrdə toz-torpağın, yağışın altında səhərdən-axşama kimi meyvə-tərəvəz satılır. Həmçinin, ət dükanlarının qarşısında da bütün günü heyvan cəmdəkləri asılır. Əlbəttə ki, belə şəraitdə mikrobların və bakteriyaların çoxalması prosesi baş verir. Lakin alıcılar o məhsulları alırlar. 

Sonra ziyanını çəkirlər, amma bir xəstəliyə yoluxduqda şikayət etməyə yerləri belə olmur. Çünki bu satıcılar hər gün fərqli küçələrdə, məhəllələrdə, metro çıxışlarında satış həyata keçirirlər. Üstəlik, meyvə-tərəvəzlə yanaşı, ət və balıq məhsulları da açıq havada satılır".

İlkin Şirinov meyvə-tərəvəzin üzərinə yağış yağmasının zərərlərindən də bəhs edib:

"Açıq havada satılan meyvə-tərəvəzin üzərinə yağış yağdıqdan sonra onun keyfiyyəti aşağı düşür və kiflənmə prosesi baş verir. Nəzərə almaq lazımdır ki, həmin meyvə-tərəvəzin əksəriyyətinin tərkibi müxtəlif azot gübrələri ilə zəngindir. Üstəlik, onlar istixana şəraitində yetişdirilmiş məhsullardır. Əlbəttə ki, üzərlərinə yağışın damcılarının düşməsi ilə xarab olma prosesi başlayır".

Həmsöhbətimiz vurğulayıb ki, yağış damlalarındə kimyəvi maddələr ola bilir:

"Yağışın tərkibində toz-torpaq və ağır metallar, dənəciklər ola bilər. Bunun isə birbaşa məhsulun mühafizə təbəqəsini zədələmə ehtimalı var. Həmçinin, burada həmin məhsulun kimyəvi çirklənməsi də müşahidə oluna bilər. 

Əgər yağan yağış atmosferin, havanın toz-torpağını, kimyəvi qalıqlarını özü ilə bərabər həmin o meyvə-tərəvəzin üzərinə yağdırmış olarsa, artıq məhsul kimyəvi cəhətdən də çirklənir. Həmin meyvə-tərəvəzin üstündə inkişaf edən kif, bakteriyalar və s. isə insan sağlamlığını birbaşa təhlükə altına alır". 

Pərviz

0