Bakının ən böyük problemlərindən biri məhz tıxacdır.
Lakin bu problem illərdir ki, öz həllini tapmır. Hər dəfə müxtəlif təkliflər irəli sürülsə də, yeni addımlar atılsa da, problem olduğu kimi qalır. Hətta tıxac problemi getdikcə daha da qabarıq şəkildə üzə çıxır.
Əslində, bunun bir neçə səbəbi var. Onlardan biri isə işıqforlarla bağlıdır. Belə ki, bəzi ərazilərdə ehtiyac olmadığı halda işıqforlar var. Bəzi yerlərdə isə qısa məsafələrdən bir çox sayda işıqfora rast gəlmək olur. Üstəlik, hər bir işıqforda qırmızı işığın yanma müddəti də kifayət qədər yüksəkdir. Əlbəttə ki, bu da öz növbəsində tıxacların yaranmasına gətirib çıxarır...
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov da bununla bağlı Hit.az-a açıqlama verib. O bildirib ki, işıqforların çox olması tıxaca səbəb olur:
"İşıqfor çox mühüm lazımi və texniki vasitədir. Hətta dünyada işıqforlar üçün ayrıca qeyd olunan gün də var. İstər Azərbaycanda, istərsə də dünya nəqliyyatında işıqforun əhəmiyyəti danılmazdır.
Lakin elə ərazilər var ki, həqiqətən də həmin ərazidə sadəcə bir işıqfora ehtiyac var. Buna baxmayaraq, orada 4-5 işıqfor olur. Bu da təbii ki, yol hərəkəti iştirakçıları üçün tıxac problemləri yaradır. Yəni bu, birbaşa hərəkətin axışını məhdudlaşdırır".
Ekspert belə halların qarşısını almaq üçün addımlar atılmasını təklif edib:
"Hesab edirəm ki, belə halların qarşısını almaq üçün həmin ərazilərə baxış keçirmək lazımdır. Lazım gələrsə, həmin əraziləri yenidən layihələndirilməli və o yolların rentabelliyi artırılmalıdır".
Pərviz