Klinik psixoloqun digər psixoloqlardan fərqi nədir?

SOSİAL
12:52 / 01.10.2025
44

"Klinik psixoloq digər psixoloqlardan xeyli fərqlənir". 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, əsas fərqi onun daha dərindən və strukturlaşdırılmış şəkildə insan psixikasındakı pozuntuları anlamağa, diaqnostika etməyə və müalicə etməyə yönəlmiş olmasıdır:

"Klinik psixoloq yalnız insanın gündəlik narahatlıqlarını deyil, həm də ciddi psixi pozuntuları, travmaları, şəxsiyyət pozuntularını, depressiya, panik atak, təşviş, obsesif-kompulsiv pozuntu, bipolyar pozuntu kimi klinik vəziyyətləri dəyərləndirməyi və onlarla işləməyi bacarır. Bu sahədə çalışan mütəxəssis diaqnostik testlər, klinik müsahibə metodları və psixoloji qiymətləndirmə vasitələri ilə problemi obyektiv şəkildə analiz edir".

383053

Ekspert qeyd edib ki, klinik psixoloq psixoterapevtik müdaxilələr vasitəsilə insanın psixoloji sağlamlığını bərpa etməyi, onun daxili gücünü oyatmağı və adaptiv davranış modellərini formalaşdırmağı hədəfləyir:

"Digər psixoloqlar daha çox inkişaf psixologiyası, təhsil psixologiyası, idman, uşaq, təşkilati sahələrdə ixtisaslaşsalar da, klinik psixoloq psixopatologiyanı anlama və onun üzərində işləmə üzrə ixtisaslaşır. O, simptomların arxasında duran emosional, psixodinamik və ya bioloji səbəbləri araşdırır və insanın təkcə ağlını deyil, eyni zamanda duyğularını və travmalarını da müalicəyə cəlb edir".

Onun sözlərinə görə, klinik psixoloq üçün əsas hədəf insanın sağlamlıq halına qayıtması, travmalarla üzləşməsi və özünü daha funksional şəkildə idarə edə bilməsidir:

"Bu baxımdan klinik psixologiya sahəsində çalışan mütəxəssisin məsuliyyəti də daha dərin və incədir, çünki burada psixoloji dəstək sadəcə motivasiya və ya gündəlik məsləhətlərlə kifayətlənmir, həm də insanın ruhunun dərin qatlarına enmək, onunla üzləşmək və dəyişimi başlatmaq tələb olunur".

Pərviz

0