"Müasir dövrdə gənclər bir çox psixoloji problemlə üzləşirlər".
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hazırda gənclər texnologiya, sosial şəbəkə və yaşadıqları həyat onları bir çox psixoloji problemlə üzləşdirir:
"Bu da onlarda yetməməzlik duyğusunun yaranmasına səbəb olur. Əsasən sosial şəbəkədə gördükləri və ya ətraflarından eşitdikləri buna gətirib çıxarır. Hətta "Mən kiməm?" sualını cavablamağın özü belə gənclərdə böyük bir ağırlıq yaradır. Burada ilk olaraq məsuliyyətdən danışmaq istəyirəm.
Eyni zamanda, gənclər "mən kim olmaq istəyirəm, kiməm və o yola adlı olamaq üçün nələr etməliyəm, nələrdən vazgeçməliyəm?" kimi sualları da düşünürlər. Həmçinin, artıq oxumağın getdikcə ağırlaşması və iş imkanlarının çətinləşməsi də onların psixologiyasına təsir edir".
Ekspert qeyd edib ki, sosial şəbəkələrdə göstərilən tez əldə olunan "xoşbəxtlik"lər də onlara psixoloji təzyiq göstərir:
"Bu zaman onlar, "Mən nəyə görə belə ola bilmirəm və bu cür əziyyət çəkirəm?", eləcə də "mən nə zaman istəyimə nail olacağam?" düşüncələrə qapılırlar. Bundan başqa, gələcək qayğısı və başqalarının sosial həyatları ilə özlərini müqayisə etdikləri üçün bir növ təcrid olunmaq hissləri formalaşır.
Əslində, indiki dövrdəki gənclər daha aktivdirlər. Amma bir o qədər də pasivdirlər. Çünki gənclərdə aktivliklərin arxasında yetməməzlik duyğusu da var. Hansısa hədəflərinə çata bilməyəcəklərindən qorxurlar. Bu isə onlarda böyük bir gərginlik və stress yaşadır".
Psixoloq onu da diqqətə çatdırıb ki, indiki dövrdə gənclər sağlam münasibət qurmaqda çətinlik çəkirlər:
"Təəssüf ki, gənclərin əksəriyyəti sağlam münasibət yaşaya bilmirlər. Hətta bir çox uğursuz münasibətləri olur. Yəni bir neçə aylıq münasibətlər sanki onlarda insanlara qarşı dəyərsizlik hissi formalaşdırır. Gənclər artıq özlərinə qapanırlar, sosial təcriddə olurlar, münasibətlərdən uzaqlaşırlar. Daha dəqiq desək, müxtəlif xarakterli insanlarla münasibət yaşamaq onları yormağa başlayır".
Nabat Mirzəyevanın sözlərinə görə, dövrümüzün ən aktual problemlərinn biri də sosial şəbəkələrdir:
"Sosial şəbəkə də özü bir asılılıq yaradır. Yəni başqaları tərəfindən "bəyənilmə", görülmə də ehtiyaca çevrilib. Hətta bunlar olmadıqda depressiyaya düşən, özlərini yetərsiz hiss edənlər olur.
Təəssüf ki, hazırkı dövrdə gənclər öz duyğularını yaşamaq yerinə ondan qaçmağa çalışırlar. Yəni "anı yaşamağa" köklənirlər. Sosial şəbəkədə yanlış ötürülən "anı yaşamaq" düşüncəsinə adlanırlar. Bu düşüncəyə və sosial şəbəkə asılılığına görə özlərindən uzaqlaşırlar".
Mütəxəssis sözlərini belə yekunlaşdırıb:
"Bəzi gənclər daima xoşbəxt olmaq, kefsiz və qəmgin hiss etməmək istəyirlər. Belə olanda özlərini daha yaxşı hiss edəcəklərini düşünürlər. Bu isə onları mənəvi olaraq yükləyir. Hətta bu səbəbə görə, bir çox gənc yorğun həyat sürdürür. Sanki bütün həyat ağırlıqlarını, yüklərini öz çiyinlərində daşıyırlar".
Pərviz