"Bəzi hallarda psixoloji dəstəyə ehtiyacı olan biri israrla bunu rədd edə bilir".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O, belə hallarda atılacaq addımlardan danışıb:
"Belə hallarda psixoloji dəstəyə ehtiyacı olan, lakin bunu qəbul etməyən bir insana qarşı ilk addımda etməli olduğumuz şey hörmət və anlayışla yanaşmaqdır. Çünki psixoloji dəstəyə ehtiyac duymaq bəzən insan üçün zəiflik, etiraf, ya da qorxu kimi görünə bilər. Özünə "mən xəstəyəm" demək kömək almağa ehtiyac duyduğunu qəbul etmək o insan üçün çox ağır ola bilər".
Ekspert qeyd edib ki, ilk mərhələdə onun qorxusunu, narahatlığını başa düşmək və tənqidsiz bir dinləyici olmaq vacibdir:
"Ən böyük yanılgılardan biri onu "zorla" dəstəyə yönləndirmək cəhdidir. Bu zaman insan müqavimət göstərir, müdafiəyə keçir. Ona görə də ilkin olaraq bu insanın yaşadığı vəziyyətin, stressin, yorğunluğun, emosional gərginliyin həyatına necə təsir etdiyini sakit, anlayışlı və empatik şəkildə danışmaq lazımdır".
Psixoloq nümunələr də verib:
"Məsələn, "Son vaxtlar özünü çox yüklənmiş görürəm, sənin daha yaxşı hiss etməyin üçün nə edə bilərik?" kimi yumşaq cümlələrlə prosesə başlanıla bilər. Ailəyə və yaxınlara da bu istiqamətdə emosional təzyiq deyil, motivasiyaedici və nümunəvi yanaşma tövsiyə olunur.
Bir yaxın insan özü psixoloqa gedibsə "Mən getmişdim, sənə də yaxşı gələ bilər, cəhd etsən, bəlkə sənə də yüngüllük olar" deməsi insanı müdafiəyə keçmədən düşünməyə vadar edə bilər".
Pərviz