Gənclərin münasibətləri nə üçün qısa müddətli olur?

SOSİAL
13:07 / 10.10.2025
72

"Təəssüf ki, indiki dövrdə gənclər arasındakı münasibətlər çox qısa müddət davam edir. Cütlüklər bir müddət sonra gözlənilmədən ayrılıq qərarı verirlər". 

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib. 

O, bunun səbəblərindən bəhs edib:

"Çox əfsuslar olsun ki, hazırkı dövrün gəncləri emosiyalarını, duyğularını, hisslərini tam anlamadan və yaxud da münasibətin nə olduğunu dərk etmədən münasibətə başlayırlar. Üstəlik, bəzən başladıqları münasibətdə sevgini həyəcanla qarışdırırlar. 

Yəni özlərinin həyəcanını, adrenalini sevgi ilə səhv salırlar. Qarşı tərəfi görmək həyəcanı gələndə bunun sevgi olduğunu düşünürlər. Əslində isə bunun sevgi olmadığını anlamırlar. Bu, sevgi deyil, sadəcə həyəcandır".

383765

Ekspertin sözlərinə görə, müasir dövrdə gənclərdə adrenalin basqısı daha çoxdur:

"Yəni onlarda "maraqlı yaşamaq" anlayışı formalaşıb. Gənclər düşünürlər ki, münasibət həyəcan dolu olmalıdır. Sevgililəri ilə daima gəzmək, bir yerdə vaxt keçirtmək, saatlarla danışmaq və bir-birinə həddindən artıq dərəcədə sevgi göstərmək istəyirlər. Ümumiyyətlə, gənclər bunları etməyi sevgi sayırlar". 

Nabat Mirzəyeva diqqətə çatdırıb ki, burada sosial şəbəkələrin də rolu var:

"Fikrimcə, sosial şəbəkələr bir çox təzyiqin səbəbidir. Çünki sosial şəbəkələrdə həddindən artıq adrenalin və sevgi bolluğu aşılanır. Gənclər də yüksək adrenalin və həyəcan dolu paylaşımları sevgi zənn edirlər. 

Düşünürlər ki, hər gün möhtəşəm keçməlidir. Bu möhtəşəmliklərin arxasınca düşdüklərinə görə, sosial şəbəkədəki istədikləri sevgini görməyəndə aralarında boşluq yaranmağa başlayır. 

Nəticədə, sevgi ilə həyəcanı qarışdırdıqlarına görə ayrılırlar. Daha dəqiq desək, yaşadıqları həyəcan bir neçə aydan sonra azalmağa başlayır. Ardınca isə aralarında söz-söhbətlər və dava-dalaş olur, stress artır".

Həmsöhbətimiz onu da əlavə edib ki, indiki gənclərin əksəriyyəti stressə tab gətirə bilmir:

"Bu səbəbdən də ilk çətinlikdə ayrılırlar. Daha sonra da heç nə olmamış kimi başqa biri ilə münasibətə başlayırlar. Lakin yenə də eyni prosesi yaşayırlar. Amma indiki gənclər unudurlar ki, sevgi bu deyil. Sevgidə monotonluq, dalğalanma, küsmələr və dalaşma da olur. Sağlam münasibət qarşılıqlı anlaşma, bir-birini dinləmək, işinə, sənətinə, yoluna, həyatına kömək olmaqdır".

Mütəxəssis sözlərini belə yekunlaşdırıb:

"Gənclərdə səbr və dəyər anlayışının dəyişib. Onlara görə artıq səbir tükəndisə, münasibət də bitməlidir. Ünsiyyət dayanmalıdır, yeni biri axtarılmalıdır. 

Təəssüf ki, gənclər öz dəyərini çox yanlış anlayırlar. Bir insan münasibətə girməmişdən əvvəl fərqinə varmalıdır ki, o, həqiqətən münasibət istəyirmi? O insanla uzun müddətli bir yol gedə biləcəkmi? Yəni 4-5 aydan sonra ayrılacaqsansa, ümumiyyətlə münasibətə başlamamalısan. Yəni sual-cavab etməli, bir-birlərini tanımalı və danışıb araşdırmalıdırlar".

Pərviz

0