Azərbaycanda son 90 ilin ən böyük problemi: Belə davam edərsə...

SOSİAL
23:20 / 11.10.2025
45

Azərbaycanda doğum göstəriciləri son 90 ilin ən aşağı səviyyəsinə düşüb. 

Rəsmi statistikanın aparıldığı 1935-ci ildən bəri ilk dəfə olaraq əhalinin hər 1000 nəfərinə cəmi 10 doğulan düşüb. Halbuki, ötən əsrin 60-cı illərində bu rəqəm 42,6 idi. Müqayisə üçün deyək ki, hazırda bu göstərici İran və Ermənistanda 13-12, Gürcüstanda və Türkiyədə 11, Rusiyada isə 9 nəfər təşkil edir. 

Ailələr niyə artıq uşaq dünyaya gətirmək istəmirlər? “Uşaq pulu” verilməsi vəziyyəti dəyişə bilərmi? 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında sosioloq, pedaqoq Mail Yaqub bildirib ki, Azərbaycanda doğum səviyyəsinin son illərdə kəskin azalmasının əsas səbəblərindən biri sosial-iqtisadi amillərlə yanaşı, insanların həyata baxış tərzinin dəyişməsidir.

Onun sözlərinə görə, “uşaq pulu”nun ləğvi də doğum göstəricilərinə mənfi təsir göstərib:

“Heç şübhəsiz ki, doğum səviyyəsinin aşağı düşməsində “uşaq pulu”nun da rolu var. Heç kim deməsin ki, “uşaq pulu” lazım deyil, əksinə bu, vacib məsələdir və bərpa olunmalıdır. Sosial problemlərin təsiri danılmazdır. İqtisadi və sosial amillərin burada rolu böyükdür, lakin məsələ tək bu deyil. Başqa səbəblər də var”. 

Onun fikrincə, əsas səbəblərdən biri insanların həyata baxış tərzinin dəyişməsidir:

“Müasir insan artıq çox uşaq istəmir, az uşaqla qənaətlənirlər, az uşaqlı ailə modelinə üstünlük verirlər. Bu, müasir insanın həyata baxışıdır. Hətta imkanlı ailələr belə 1-2 uşaqla kifayətlənirlər. Əgər məsələ yalnız sosial-iqtisadi problemlər olsaydı, imkanlı ailələrdə 5-6 uşaq olardı. Amma indi müasir insan daha çox rahat yaşamaq, başı və beyni dinc olmaq istəyir. “Az uşaq - az problemdir” belə düşünürlər”.

Sosioloq qeyd edib ki, bu tendensiya gələcəkdə, 30-50 ildən sonra Azərbaycanda əhali sayının azalmasına gətirib çıxara bilər: 

“Ötən əsrin 60-cı illərində Azərbaycanda hər ana üçün orta hesabla 6-7 uşaq düşürdü. Onda insanlar həyata belə baxmırdılar. Onlar düşünmürdülər ki, uşağın böyüməsi üçün repetitor, yüksək təhsil və ya müəyyən həyat standartları lazımdır. Həyata baxışları elə deyildi. Həyat tələbləri minimumda idi. İndi insanların həyata baxışı fərqlidir. İnsanlar minimumla kifayətlənmirlər, daha yüksək həyat standartları arzulayırlar. 

Nəticədə belə hallar olur. Təəssüf ki, bu problemin ağrı- acısını gələcəkdə ölkə yaşayacaq. 30-50 ildən sonra Azərbaycanda əhalinin sayı azalacaq. Bu isə bizim üçün mənfi haldır, çünki onsuz da əhali sayımız çox deyil. Dövlət bu məsələni ciddi şəkildə düşünməlidir. Təşviqedici addımlar atılmalı, “uşaq pulu” bərpa olunmalı, ikinci və üçüncü uşağa görə xüsusi mükafat və ya dövlət tərəfindən nəsə dəstək olmalıdır. Əks halda, bu azalma davam edəcək”. 

Mail Yaqub vurğulayıb ki, bu, təkcə ailələrin problemi deyil, dövlətin, bütövlükdə ölkənin gələcəyi ilə bağlı məsələdir: 

“İnsanların həyata baxışı və həyat tərzi dəyişib. İndi valideynlər uşağın təhsilini, səhiyyəsini, tərbiyəsini, qidalanmasını, geyimini, səyahətini düşünürlər. Ümumiyyətlə, həyat standartları dəyişib. Ona görə bu məsələ ailələri narahat etmir. İndi çoxuşaqlı ailə görənlər təəccüblənirlər. 

Halbuki hər ailədə azı üç uşaq olsa, gələcəkdə əhalinin azalmasının qarşısı alınar. Bu, ümummilli məsələdir və dövləti narahat edir. Yoxsa insanlar 1-2 uşaq istəyir, yəni bu fərdlərin, ailələrin məsələsi deyil, bu, ümumiyyətlə, dövlətin, ölkənin ümumi problemidir”.

0