"Uşaqlarda psixoloji problemlər çox erkən, təxminən 2-3 yaşdan etibarən özünü göstərməyə başlayır".
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu dövrdə uşaq artıq ətraf aləmlə maraqlanır, danışmağa, duyğularını ifadə etməyə və başqaları ilə ünsiyyət qurmağa çalışır:
"Əgər uşaq bu mərhələlərdə ya həddindən artıq sakit, ya da əksinə çox aqressiv, inadkar və ya utancaq davranırsa, bu psixoloji narahatlığın ilk siqnalları ola bilər. Bəzi hallarda bu əlamətlər bir qədər gec, məktəbəqədər dövrdə (4-6 yaş) və yaxud da məktəb illərində (7-12 yaş) daha aydın görünür. Məsələn, diqqətini toplamaq çətinliyi, dərsə marağın azalması, aqressiv reaksiya, qorxular kimi hallar bu dövrlərdə daha çox müşahidə olunur".
Ekspert qeyd edib ki, valideynlər çox zaman belə dəyişiklikləri "xasiyyət" kimi qəbul edir və vaxtında müdaxilə etmirlər:
"Halbuki uşağın davranışında, emosional vəziyyətində və ya gündəlik vərdişlərində müşahidə olunan fərqlər əslində bir çox psixoloji problemlərin ilkin göstəricisi ola bilər. Ən vacibi isə erkən diaqnostika və mütəxəssis müdaxiləsidir. Uşaqla vaxtında işləmək, onun duyğularını, qorxularını və ehtiyaclarını anlamaq həm gələcək emosional balansına, həm də sosial bacarıqlarına çox böyük təsir göstərir".
Həmsöhbətimiz vurğulayıb ki, uşağın psixoloji sağlamlığına diqqət etmək onun gələcək həyat keyfiyyətinə qoyulan ən dəyərli sərmayədir:
"Valideynlər uşağın psixoloji sağlamlığını dəstəkləmək üçün diqqətli olmalı, onun davranışını izləməli, ehtiyaclarını dinləməli və hər hansı narahatlıq halında vaxt itirmədən psixoloq, loqoped-mütəxəssislə məsləhətləşməlidirlər.
Eyni zamanda, uşağa sevgi dolu və sabit mühit təmin etmək, onu anlamaq və emosiyalarını ifadə etməsi üçün dəstək olmaq vacibdir. Bu, uşağın özünəinamını artırır və sağlam psixoloji inkişafına zəmin yaradır".
Pərviz