Psixoloqun etik kodeksi - insan ləyaqətinin qorunduğu yerdir

SOSİAL
16:00 / 13.10.2025
79

Ümumdünya Psixi Sağlamlıq Gününün ərəfəsində Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası keçirilib.

Bu görüşdə səslənən fikirlər bir daha göstərdi ki, psixi sağlamlıq sadəcə tibbi və ya sosial məsələ deyil – bu, insan hüquqlarının ayrılmaz hissəsidir.

İnsan hüquqları dedikdə çox zaman yalnız fiziki toxunulmazlıq, ifadə azadlığı və sosial bərabərlik ağla gəlir. Halbuki, insanın psixi sağlamlığının qorunması, ayrı-seçkilikdən uzaq, anlayışlı və təhlükəsiz mühitdə yaşamaq hüququ da eyni dərəcədə vacibdir. Ombudsman Səbinə Əliyevanın iclasdakı çıxışında vurğuladığı kimi, psixi sağlamlıq hüququ bu prinsipləri birbaşa özündə əks etdirir.

Məhz bu məqamda psixoloqun etik davranış kodeksi ön plana çıxır. Çünki, psixoloq, bir insanın daxili dünyasına daxil olarkən, onun ən həssas qatına toxunur. Bir psixoloq kimi mən də hesab edirəm ki, etik davranış sadəcə qaydalar toplusu deyil, – bu, insanın ləyaqətinə hörmətin, empatiyanın və məsuliyyət hissinin ifadəsidir.

Etik kodeks göstərir ki, psixoloji yardım vermək – kimisə “düzəltmək” deyil, onun özünü dəyərli hiss etməsini qorumaq deməkdir.

Psixoloqun etik davranış qaydaları insan hüquqlarının praktik qorunmasıdır.

Müraciətçinin şəxsi məlumatının məxfiliyi, onun fikirlərinə hörmət, qərəzsizlik və şəxsi dəyərlərin təsirindən uzaq qalmaq – bütün bunlar psixoloqun vicdanının ifadəsidir.

383934

Psixoloq üçün etik davranış həm də cəmiyyətə nümunə olmaqdır. Hər dəfə bir insan psixoloji yardıma müraciət etdikdə, o, sahəyə olan ümumi inamını ortaya qoyur. Bu inamın qorunması yalnız peşəkarlıqla deyil, etik münasibətlə mümkündür.

Psixi sağlamlıqdan danışırıqsa, etik davranışdan kənarda qala bilmərik. Hər bir söz, baxış, hətta sükut belə, qarşıdakı insanın hüququna toxuna bilər. Ona görə də etik kodeks psixoloqun sadəcə “peşə qaydası” deyil, onun vicdanının və insana yanaşma mədəniyyətinin yazılı ifadəsidir.

Ombudsman təsisatı yanında yaradılmış İşçi Qrupun fəaliyyəti təkcə sistemin inkişafına deyil, etik və hüquqi şüurun möhkəmlənməsinə də xidmət edir.

Cəmiyyətin psixi sağlamlığı elə o cəmiyyətin etik dəyərlərinin səviyyəsindən başlanır. Hər bir psixoloq öz etik normalarını bilərək və tam şəkildə əməl edərsə, cəmiyyətimizdə psixoloqa həqiqi inam formalaşacaqdır. Bu inam psixi sağlamlığımızın qeydinə qalmağımızı həm fərdi, həm də kollektiv səviyyədə gücləndirəcəkdir.

Bir psixoloq kimi çox istərdim ki, cəmiyyətimizdə psixoloji xidmət yalnız problemlər ortaya çıxanda deyil, profilaktik şəkildə də geniş tətbiq edilsin. Valideynlər övladlarının yeniyetməlik dövründə yaşaya biləcəyi böhran vəziyyətlərini öncədən anlayaraq qabaqlayıcı addımlar atsınlar, erkən yaşlı uşaqlarda hiperaktivlik kimi hallar görüb keçilməsin, yaşlı insanlar isə ümumiyyətlə psixoloqa müraciət etməkdən çəkinməsinlər. 

Psixoloq: Lalə Natiq

0