İslamda dini kəbinin, siğənin hökmü nədir?

SOSİAL
19:38 / 13.10.2025
66

"İslama görə yeganə nikah daimi nikahdır. İslam hüququnda müvəqqəti evlilik yoxdur. Kəbinin, nikahın da dinli yaxud dinsiz deyə təsnifatı yoxdur". 

Bunu Hit.az-a ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki, kəbin və nikah terminlərinin özü də mahiyyəti də dindən gəlir: "

Yəni, evlənənlərin dinin tələblərinə cavab verməsi və evliliyin qeydə alınıb şahidlərlə elan edilməsi. Bunu səlahiyyətli din xadimi yaxud dövlət nümayəndəsi icra edib tarixən. Lakin hazırda ölkəmizdəki mövcud qanunvericiliyə görə rəsmi nikah yalnız dövlətin müvafiq qurumu tərəfindən icra edilir, sonra hər kəsin öz dininə, inancına görə din xadiminə də əlavə kəbin kəsdirə bilər. Lakin dini yöndən də baxanda dövlətin icra etdiyi nikah qanunidir, məqbuldur, kifayətdir. Siğə yaxud mutə deyilən müvəqqəti evlilik isə İslamdan əvvəlki cahiliyyə ərəblərinin evliliklərindən idi. Bir və ya bir neçə qadınla müəyyən məbləğ qarşılığında, müəyyən müddətdə əlaqədə olur, sonra da onu tərk edirdilər. İslamın zühur etdiyi ilk dövrlərdə ərəblərin cahiliyyə adətlərini birdən tərgitmək çətin idi. Hətta şərab da tədricən qadağan edildi. O cümlədən, siğə adlanan mutə nikahı da. Hətta 6savaşların birində qadın əsirlərin çoxluğu səbəbi ilə əsgərlərin zina ehtimalı artdığına görə Peyğəmbərin buna savaş müddətində icazə verdiyi haqqında məlumatlar var. İmam Əlidən və Əhli Beytdən nəql olunan sağlam hədislərə görə Həzrət Muhəmməd Peyğəmbər çəyirtkə yeməyi halal, eşşək ətini məkruh və siğəni isə qadağan etdi. Amma bəziləri səhabələrin Peyğəmbər qadağan etməmişdən əvvəlki dövrdə səhabələrin siğə etdiyini tarix səhifələrində kontekstdən çıxarıb, cəmiyyəti yanıldırlar ki, guya siğə haram edilməyib. Amma bu, yanlışdır. Doğrudur, Nisə surəsinin 24 - cü ayəsindəki evlilik növünün siğə yaxud daimi evlilik olması barədə məzhəblər arasında ixtilaf var. Lakin burada söhbət mutədən getsə belə təbiidir. Çünki , deyilir ki, mutə etdiyiniz qadınların mehrini verin. Bu o demək deyil ki, mutə edin. Necə ki, digər surədə deyilir ki, içkili olduğunuz halda namaz qılmayın. Bu, o demək deyil ki, içki için, sadəcə namaz vaxtı içməyin. Məlumdur ki, İslam huququ bir neçə məşhur məzhəb üzrə bərqərardır. Bu günki müsəlmanların əməl etdiyi fiqhi məzhəblərdən Hənəfi, Şafii, Maliki, Hənbəli, Sələfi, İbadiyyə, Zeydiyyə məzhəblərinə görə siğə haramdır və zinadan fərqi yoxdur. Lakin Cəfəri məzhəbinə görə isə siğə halaldır, hətta savabdır. Fars müəlliflər Əllamə Məclisi və Kileyni İmam Cəfər Sadiqin adından belə bir rəvayət nəql edirlər ki, guya o həzrət deyib ki, kim siğə etsə və sonra qüsl alsa, onun qüsl suyunun hər damlasından bir mələk yaranar və onun üçün dua edər...

Siğə orta əsrlərə qədər ümumislam coğrafiyasında geniş yayılmayıb. Bunu əsasən şüubiyyəçi fars təmayüllü qruplar insanların nəfsi istəklərinə uyğun din modeli yaratmaqla kütlə toplamaq ideyasından sonra mütəşəkkil hala gətirdilər. Hətta İran müctəhidləri şəriət risalələrində bir qadınla pul qarşılığında bir neçə saatlıq da münasibəti doğru sayırlar. Hətta məşhur olmayan fahişə ilə də bir neçə saatlıq siğə etməyi savab hesab edirlər. Bütün bunların İslamda, Quran xalqında və şəriətdə əsla yeri yoxdur. İslamda yalnız daimi evlilik var. Həzrət Muhəmməd də, onun Əhli Beyti də, səhabələri də daimi evliliklərlə yaşayıblar. Əhli Beyt qadınlarından və yaxud kişilərindən siğə edənlər haqda tarixdə nümunələr yoxdur. Bunun özü də sübut edir ki, siğə təkcə sosial yöndən deyil, həm də əxlaqı yöndən doğru deyil. Fəqət bəzi qadağalar haqdakı göstərişlər doqma da deyil. Peyğəmbər dövründə icazə verilən üsulda və şərtlər daxilində ciddi zərurət yaranarsa, istisna hallarda buna yol verilə bilər. O da əxlaqa və milli, mənəvi dəyərlərə zidd olmamaq şərti ilə. Məsələn, Rusiyaya yaxud başqa xarici ölkəyə uzun səfərə gedən şəxsin orada müvəqqəti, amma evlilik sayılacaq və evlilik deyiləcək formada nikaha girməsi məqbuldur. Burada da mütləq həyat yoldaşı varsa onun məlumatlanması və razılığı olmalıdır. Məişət işlərini, müəyyən ehtiyacları yoluna qoymaq üçün qadın - kişi münasibətlərini tamamilə məhv etmək, pozğunçuluq saymaq da doğru deyil. Lakin burada söhbət zövqdən, həvayi-nəfsin istəklərindən yox, zəruri ehtiyacdan, tələbdən gedir. Yoxsa arzu və istəyə görə qısa müddətdə, müəyyən məbləğ qarşılığında adını siğə qoyub münasibət qurmaq dində yoxdur".

Sevinc

0