"ABŞ və Avropa ölkələrində cütlük terapiyası daha çox yayılıb və normal qəbul olunur".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, orada insanlar münasibətdəki hər hansı anlaşılmazlıqları, çətinlikləri, hətta qərar vermə mərhələlərini belə psixoloqla birlikdə analiz edirlər:
"Azərbaycanda isə çox zaman psixoloqa müraciət son mərhələdə, artıq münasibət ciddi zərbə aldıqdan sonra baş verir. Bu da terapiya prosesinin daha uzun və çətin keçməsinə səbəb olur. Bəzi cütlüklər isə terapiyaya gəldikdə problemi yalnız bir tərəfdə görür, bu isə tərəflər arasında qarşılıqlı anlayışın yaranmasına maneə yaradır".
Ekspert qeyd edib ki, cütlük terapiyasında əsas məqsəd münasibəti bir "komanda işi" kimi qəbul etmək və hər iki tərəfin məsuliyyətini dərk etməsidir:
"Azərbaycanda bu sahəyə maraq artır, amma bu proses hələ tam oturuşmayıb. Ailə psixoloqları və cütlük terapevtləri daha çox maarifləndirici fəaliyyət göstərməli, psixoloji yardımın damğalanmaması üçün cəmiyyətə mesajlar çatdırmalıdırlar.
Sağlam münasibət qurmaq, problemləri vaxtında həll etmək və emosional bağlılığı qorumaq üçün cütlük terapiyası olduqca dəyərli və təsirli vasitədir. Ölkəmizdə cütlük terapiyasına və ailə psixoloquna maraq son illərdə artsa da, bu sahədə hələ də bir sıra stereotiplər və məlumatsızlıq müşahidə olunur".
Zəhra Zahidova diqqətə çatdırıb ki, əvvəllər psixoloqa müraciət daha çox ciddi psixi pozuntularla əlaqələndirilirdi:
"Bu səbəbdən də cütlüklər münasibətlərində problem yaşasalar belə bu məsələni "öz aralarında həll etməyə" çalışır, peşəkar dəstəyə ehtiyac duyduqlarını qəbul etməkdə çətinlik çəkirdilər. Lakin son illər psixoloji maarifləndirmə artdıqca bu yanaşma tədricən dəyişməyə başlayıb.
Xüsusilə gənc nəsil sosial şəbəkələr və internet vasitəsilə psixoloji dəstəyin əhəmiyyəti haqqında daha çox məlumat əldə edir. Bu da cütlüklərin evlilikdən əvvəl və ya evlilik zamanı yaşadıqları problemlərlə bağlı psixoloqa müraciət etməsinə müsbət təsir edir. Yenə də bəzi hallarda bu addım ya çox gec atılır, ya da yalnız bir tərəfin təşəbbüsü ilə olur. Halbuki cütlük terapiyasının uğurlu nəticə verməsi üçün hər iki tərəfin prosesə açıq olması vacibdir".
Psixoloq cütlük terapiyasının qiymətini də açıqlayıb:
"Cütlük seansları 120-150 azn aralığında təşkil edir".
Pərviz